Bakı. Trend:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) hər il sentyabrın 28-ni Quduzluğa qarşı Mübarizə Günü elan edib və 2030-cu ilə qədər sahibsiz itlər vasitəsilə xəstəliyə yoluxmanın qarşısının alınmasını məqsəd kimi qarşıya qoyub. WOAH-nin məlumatına əsasən, hər il dünyada 70 minə yaxın insan həyatını itirib. Xəstəliyə yoluxma 99 faiz halda quduz itlərin dişləməsi nəticəsində baş verir.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Trend-ə verilən məlumata görə, quduzluq xəstəliyinə diaqnoz epidemioloji məlumatlar, kliniki əlamətlər və laborator müayinələr əsasında qoyulur.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyası ölkə üzrə quduzluq xəstəliyinin müayinəsini həyata keçirən yeganə laboratoriyadır. Laboratoriyada quduzluq xəstəliyinin diaqnostikası WOAH tərəfindən təsdiqlənmiş müayinə üsulları vasitəsilə yüksək ixtisaslı peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilir. Xəstəliyin müəyyən edilməsində əsasən molekulyar diaqnostika üsullarından biri olan PZR (Polimeraz Zəncirvari Reaksiyası) və seroloji müayinə üsulları olan ELISA və IFR müayinə metodlarından istifadə olunur. PZR müayinə üsulunun əsas məqsədi patoloji materialda (xüsusən beyin nümunəsi) quduzluq virusunun təyin edilməsidir. IFR metodu isə quduzluq xəstəliyindən tələf olmuş heyvanların beyninin hər hansı bir hissəsindən götürülmüş nümunələrin hüceyrələrində Babeş-Neqri cisimciklərinin (antigenlərinin) aşkar olunmasından ibarətdir. Qeyd olunan müayinə üsulları beynəlxalq akkreditasiya qurumu olan TÜRKAK tərəfindən ISO-17025 standartının tələblərinə uyğun olaraq akkreditə olunub.
Həmçinin laboratoriyada quduzluq xəstəliyinin müayinəsində ELISA müayinə üsulundan da istifadə edilir ki, bu da diri heyvanların, əsasən it, pişik və tülkülərin qan nümunələrində anticisimlərin titrinə görə quduzluq xəstəliyinin diaqnostikasıdır. Həmin müayinə üsulları vasitəsilə quduzluq xəstəliyinin diaqnostikasının bir neçə saat ərzində həyata keçirilməsi mümkündür.
Eyni zamanda bu il ərzində Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə aidiyyəti qurumlarla birgə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Peyvəndləmə ölkəmizdə ilk dəfə olaraq helikopterlə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə həyata keçirilib. Tərtib edilmiş xəritə və müəyyənləşdirilmiş marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla, təqribən 600 kilometr məsafədə müvafiq normalara uyğun aldadıcı yem briketləri səpələnib.