Bakı. Trend:
Oktyabrın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və YAP Yasamal rayon təşkilatı tərəfindən “Təhsilli qadın: təhsilli ailə, təhsilli cəmiyyət” mövzusunda tədbir keçirilib.
YAP-ın mətbuat xidmətindən Trend-ə bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Yasamal rayonundakı “Şəhidlər” xatirə kompleksinin və Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
YAP Yasamal rayon təşkilatının binasında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbirdə çıxış edərək, təhsilli qadınların cəmiyyət həyatında rolunun müstəsna əhəmiyyət kəsb etdiyini deyib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev respublikamızda rəhbərliyə gəldikdən sonra Azərbaycanda cəmiyyətin inkişafında qadınların rolu artmağa başlayıb. Müstəqil Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra normativ hüquqi aktlar qəbul edib.
YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva qeyd edib ki, bu gün Azərbaycan özünün yüksək inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb. Bu da Heydər Əliyev siyasətinin təntənəsidir. Ölkəmizin inkişafında qadınlar böyük rol oynayırlar. Bu il Azərbaycanda “Heydər Əliyev İli”nin qeyd olunduğunu xatırladan Z.Musayeva Ulu Öndərimizin anadan olmasının 100-cü ildönümünün xalqımız üçün əlamətdar hadisələrlə zəngin olduğunu bildirib.
YAP İdarə Heyətinin üzvü, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılması ilə ölkədə ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirib. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətinin tənzimlənməsini həyata keçirir. Komitə qızların təhsilinə dəstək məqsədilə Elm və Təhsil Nazirliyi ilə birgə layihələr həyata keçirir. Uğurlarla yanaşı, bəzi problemlərin də olduğunu deyən komitə sədrinin müavini bu problemlər arasında bölgələrdə erkən nikah və qızların təhsildən yayındırılması hallarını vurğulayıb. A.Sofiyeva bu istiqamətdə maarifləndirmə işlərinin davamlı olaraq aparıldığını diqqətə çatdırıb.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri professor Rəna Mirzəzadə isə çıxışında cəmiyyətimizdə gender bərabərliyinin əhəmiyyətindən bəhs edib.
Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Milli Məclis Aparatının Ailə, qadın və uşaq məsələləri komitəsinin məsləhətçisi Aynur Veysəlova-Abbasova, 44 günlük Vətən müharibəsi şəhidi polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı, Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsinin birinci kurs tələbəsi Nigar Ağamalıyeva, Vətən müharibəsi şəhidi, Silahlı Qüvvələrinin kiçik giziri Şahmar Mənəfovun həyat yoldaşı, 53 saylı orta məktəbin müəllimi Bəyim Mənafova, BDU-nun tələbələri Nəzirə Dursunova və Nuranə Payızova çıxış ediblər.