Bakı. Trend:
Hazırda baş verən toqquşmalar dünyanın inkişafına əngəllər törədir.
Trend xəbər verir ki, bu barədə baş nazirin müavini Əli Əhmədov “2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” üzrə Üçüncü DİM Dialoqu zamanı çıxışında deyib.
“Azərbaycan dayanıqlı inkişafa hökumət səviyyəsində ciddi yanaşır. Ölkəmiz bu layihə vasitəsilə dünyanın daha aydın gələcəyinin formalaşmasına töhfələr verir. Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üçün mühüm işlər görülür. Bizim qarşımızda duran məqsəd Azərbaycanın azad olunan ərazilərinin bərpa edilməsidir. Çox təəssüf hiss ilə deyirəm ki, o torpaqlar, ərazilər işğal dövründə yerlə-yeksan edilib”, - deyə Ə.Əhmədov bildirib.
Qeyd edək ki, Bakıda “2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” üzrə Üçüncü DİM Dialoqu keçirilir.
“DİM Dialoqu”na, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Azərbaycan Ali Audit Qurumu və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi həmsədrlik edəcək.