Bakı. Trend:
2023-cü ilin 8 dekabr tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mingəçevir Dövlət Universitetində (MDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfrans işə başlayıb.
Universitetdən Trend-ə bildirilib ki, beynəlxalq konfrans MDU, Türkiyənin Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti (AHBVU), Litvanın Mikolas Romeris Universiteti (MRU), Ukraynanın Kiyev Milli Texnologiya və Dizayn Universiteti (KNUTD) və Qırğız Respublikasının Qırğız İqtisad Universiteti (KEU) həmtəşkilatçılığı ilə keçirilir.
Beynəlxalq konfransa dünyanın 9 ölkəsinin ali təhsil müəssisələri, elmi tədqiqat institutları və müvafiq qurumlarından akademik heyət üzvləri, alimlər və ekspertlər qatılıb.
Əvvəlcə, konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.
Konfrans Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Beynəlxalq konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı İlham İsmayılov, Qazi Universitetinin rektoru Musa Yıldız, Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimov, Litvanın Mykolas Romeris Universitetinin (MRU) rektoru İnqa Zaleniene, Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa, KNUTD-un rektoru İvan Qrişenko, RİSEBA Tətbiqi Elmlər Universitetinin rektoru Lucija Rutka, KEU-nun rektoru Almaz Kadıraliyev, Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Yaşar Ömərov, AHBVU-nun Turzim fakültəsinin dekanı İrfan Yazıcıoğlu, müstəqil tədqiqatçı Işıl Keskin Şahan çıxış edib
Konfrans iştirakçılarını salamlayan MDU-nun rektoru Ş.Bayramov aktual mövzuya həsr edilmiş və artıq ikinci dəfə keçirilən beynəlxalq səviyyəli elmi tədbirin təşkilində dəstəyi və əməyi olanlara, təşkilat komitəsinin üzvlərinə, məruzəçilərə, məqalə və tezis müəlliflərinə təşəkkürünü bildirib.
Rektor konfransın davamlı iqtisadı inkişafın qlobal trendləri, ekoloji dayanıqlığın təmini, sosialiqtisadi inkişaf hədəflərinin dayanıqlı inkişaf məqsədləri ilə uyğunluğu, dördüncü sənaye inqilabından irəli gələn reallıqlar, regionların tarazlı inkişafı, davamlı enerji təminatı, postkonflikt dövründə müasir tendensiyalar, keyfiyyətli təhsil sahəsində milli və beynəlxalq təcrübələr, yüksək rifah cəmiyyəti və digər mövzularda həyata keçirilən tədqiqatların əsas nəticələrinin təqdim olunması və elmi diskussiyaların aparılması məqsədi daşıdığını diqqətə çatdırıb. Vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, eləcə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosialiqtisadi İnkişaf Strategiyası” və digər milli və beynəlxalq strateji sənədlərdən irəli gələn vəzifələrin icrasına töhfə verilməsi ideyasından irəli gələrək, beynəlxalq konfransın dövri olaraq keçirilməsi nəzərdə tutulub.
Artıq MDU-nun ev sahibliyində ikinci dəfə keçirilən konfransa həm yerli, həm də xarici ictimaiyyət tərəfindən marağın daha da artdığını qeyd edən rektor, ölkəmizdən və xaricdən ümumilikdə 562 tezis və məqalə daxil olduğunu bildirib və konfransın işinə uğurlar arzulayıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarını salamlamaqdan məmnunluğunu ifadə edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov belə bir aktual mövzuda keçirilən beynəlxalq səviyyəli elmi tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Konfransın mövzusunun aktuallığından və əhəmiyyətindən bəhs edən nazir müavini davamlı inkişafın təmin edilməsinin dünya ölkələrinin, o cümlədən Azərbaycanın dövlət siyasətinin mühüm prioritetlərindən olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə ali təhsil müəssisələrinin üzərinə düşən öhdəliklərdən bəhs edən F.Qurbanov konfransda təqdim ediləcək məruzələrin və aparılacaq müzakirələrin faydalı olacağına əminliyini bildirib, konfrans iştirakçılarına uğurlar arzulayıb.
Mingəçevirdə aktual qlobal mövzuda keçirilən beynəlxalq elmi konfransda iştirak etməkdən məmnunluğunu bildirən şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Ölkəmizin dayanıqlı və hərtərəfli inkişaf strategiyasının əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən İ.İsmayılov hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən bu siyasi kursun Azərbaycanı dünyanın qüdrətli dövlətlərindən birinə çevirdiyini vurğulayıb. Tarixi Zəfərdən sonra Azərbaycanın davamlı inkişaf strategiyasında yeni mərhələnin başlandığını qeyd edən İ.İsmayılov bununla bağlı qlobal trendləri, milli təcrübələri və yeni hədəfləri özündə ehtiva edən beynəlxalq konfransın maraqlı və məhsuldar olacağına inandığını söyləyib.
Daha sonra çıxış edən tərəfdaş universitetlərin rektorları və digər qonaqlar universitetlər arasında akademik və elmi əlaqələrin gücləndirilməsini dayanıqlı inkişaf strategiyasına töhfə kontekstində dəyərləndiriblər və bu baxımdan beynəlxalq konfransın önəmindən bəhs ediblər. Bununla yanaşı, tərəfdaş universitetlərin təmsilçiləri konfrans çərçivəsində irəli sürüləcək və dayanıqlı inkişafa fayda qazandıracaq yeni fəaliyyət təşəbbüsləri üzrə əməkdaşlığa hazır olduqlarını dilə gətiriblər.
Daha sonra konfransın plenar iclası keçirilib. MDU-nun rektoru Ş.Bayramovun moderatorluq etdiyi plenar iclasda Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Cemal Yılmaz “Texnologiyanın gələcəyi və məhək daşları: sənaye inqilabları”, LDU-nun dosenti Gülbəniz Əliyeva “Davamlı inkişaf strategiyası və iqtisadi hədəflər” müstəqil tədqiqatçı Işıl Keskin Şahan “Davamlılıq oxunda rəqəmsal marketinq ve Greenwashing”, AHBVU-nun MDU-da fəaliyyət göstərən qonaq professor Evren Güçer "Post-konflikt inkişafı bibliometriya və məzmun təhlili ilə qiymətləndirmə” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfrans dekabrın 9-dək 10 üzbəüz və 18 bölmə iclasları ilə işini davam etdirəcək. Bölmə iclaslarında davamlı inkişaf strategiyası, keyfiyyətli təhsil, dördüncü sənaye inqilabı, yaşıl enerji, təmiz ətraf mühit, postkonflikt inkişaf çağırışları, humanitar elmlərdə yeni tendensiyalar, türk dünyası, turizmin davamlı inkişafda artan rolu və digər mövzularda məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
Beynəlxalq elmi konfransın işi yekun iclasla başa çatacaq.
Beynəlxalq elmi konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrində 2023-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı”na əsasən təşkil olunub.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılmasına, dayanıqlı inkişafın müxtəlif aspektlərinə dair nəticəyönümlü elmi araşdırmaların aparılmasına, yerli və xarici tərəfdaşlarla birgə elmi tədbirlərin keçirilməsinə xüsusi önəm verilir. Bu kontekstdə, 2021-ci ildə sözügedən mövzuda ilk beynəlxalq konfrans keçirilib, MDU-nun tarixində ilk elmi jurnal hesab edilən “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalı, “Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar” Tədqiqat Mərkəzi təsis edilib.