...

ADPU tələbələri IELS - Beynəlxalq Erkən Öyrənmə Tədqiqatının təşkilində iştirak edəcəklər (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2023 19:41 (UTC +04:00)
ADPU tələbələri IELS - Beynəlxalq Erkən Öyrənmə Tədqiqatının təşkilində iştirak edəcəklər (FOTO)

Bakı. Trend:

Dekabrın 12-13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Universitetin Məktəbəqədər təhsil fakültəsində təhsil alan tələbələrlə infosessiya təşkil olunub.

200-ə yaxın tələbənin iştirakı ilə baş tutan görüşün məqsədi IELS - Beynəlxalq Erkən Öyrənmə Tədqiqatı haqqında tələbələri məlumatlandırmaq və tədqiqatın təşkili prosesinə cəlb etməkdir.

Təqdimatla çıxış edən Pedaqoji Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva ölkəmizin iştirak etdiyi beynəlxalq şagird qiymətləndirmə proqramları (PISA, PIRLS, TIMSS, ICILS) haqqında ümumi məlumat verərək təhsil siyasətinin formalaşdırılmasında bu tədqiqatların mühüm roluna diqqət çəkib. Tədqiqatların hesabatlarında erkən öyrənmənin, məktəbəqədər təhsilin şagird nailiyyətinə təsirinin önəminə dair məlumatlar əyani nümayiş olunub, müzakirələr aparılıb.

Daha sonra prorektor K.Pirverdiyeva ölkəmizin ilk dəfə iştirak edəcəyi IELS (International Early Learning and Child Well-being Study) – Beynəlxalq Erkən Öyrənmə Tədqiqatı barədə təqdimat edib.

Qeyd edək ki, IELS - Beynəlxalq Erkən Öyrənmə Tədqiqatı 5 yaşlı uşaqların öyrənməsinə təsir edən ev və ya uşaq bağçasındakı öyrənmə mühitlərini araşdırır. Burada 5 yaşlıların ilkin savadlılıq, ilkin hesablama, özünü tənzimləmə və sosial-emosional bacarıqları ölçülür.

İnfosessiya ərzində qiymətləndirmənin təşkili prosesinə maraq göstərən tələbələr qeydiyyat formunu doldurublar. 2024-cü ilin fevral ayı ərzində təşkil olunacaq IELS qiymətləndirmə tədqiqatında ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin tələbələri təlimçi və imtahan koordinatoru kimi iştirak edəcəklər.

İnfosessiyanın sonunda mütaliəyə təşviq məqsədilə tələbələrə kitablar hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti