...

Limoj pələngləri: “Italdizain” şirkəti Azərbaycanda “Bernardaud” brendinin ilk kolleksiyasını təqdim edir (FOTO)

Cəmiyyət Materials 18 Dekabr 2023 16:30 (UTC +04:00)

Bakı. Trend:

Fransanın məşhur çini məhsul manufakturası “Bernardaud” şirkəti öz tarixində ilk dəfə olaraq Azərbaycanlı rəssamla birgə kolleksiya hazırlamışdır. Belə ki, 34 yaşlı Bakılı rəssam Fərhad Fərzəliyev eksklüziv olaraq Azərbaycan üçün nəzərdə tutulmuş məhdud saylı “Tiger Collection” kolleksiyasında əks olunan rəsmlərin müəllifidir.

Azərbaycanlı rəssam ilə məşhur fransız brendi arasında yaradıcılıq ittifaqı “Italdizain” şirkətinin fəal iştirakı sayəsində mümkün olub.

Fərhad Fərzəliyev Bakıda anadan olub və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. O, çoxsaylı beynəlxalq sərgi və incəsənət layihələrində iştirak etmişdir. Şirkətin rəssamla tanışlığı isə 2022-ci ilə təsadüf edir. Həmin vaxt Fərhad Fərzəliyev şirkətin brendlərindən birinin dəstəyi ilə keçirilən və “Yeddi nar çubuğu” adlı xalq nağılının motivləri əsasında hazırlanmış tamaşanın bədii məsləhətçisi kimi çıxış edirdi. Bu əməkdaşlıq uğurlu alındı və “Bernardaud” brendinin Azərbaycanda eksklüziv təmsilçisi - “Italdizain” şirkəti Fərhad ilə Limoj (Fransa) manufakturası arasında birgə layihənin təşəbbüskarı oldu.

Məhdud saylı kolleksiyaya iki fincan və nəlbəkilərdən ibarət dəstlər, eləcə də desert boşqabı, parç, nimçə və şamlı şamdanlar daxildir. Rəssamın yaradıcılığında mərkəzi motivlərdən biri - ifadəli, cəlbedici, yaddaqalan və bir qədər də sürrealist üslublu pələng obrazı isə bu əməkdaşlığın rəmzinə çevrilib.

Pələng obrazı həm ənənəvi Azərbaycan mədəniyyətində, həm də Şərq və Qərb ölkələrinin bədii ənənələrində öz əksini tapıb. Şərq mədəniyyətində pələng obrazı əzəmət və müstəqilliyin, eləcə də həm mənəvi, həm də həyat enerjisinin simvolu hesab olunur və ənənəvi olaraq qüdrəti, habelə təbiətin gücü və ilahi enerjini təcəssüm etdirir. Avropa vizual ənənəsi və heraldikasında isə pələng hökmranlıq, güc və zəfər ilə assosiasiya olunur.
Fərhad Fərzəliyev ilə “Bernardaud” brendi arasında əməkdaşlığın motivləri “Tiger Force Member” adlı mənzərəli illüstrasiya seriyasına təkan vermişdir. Fərhadın hələ pandemiya dövründə üzərində işə başladığı bu kolleksiyada pələng arxetipi rəssamın hobbisi olan dizayner geyim modellərindəki pələng nişanlarının prizmasından araşdırılır. O, pələng mövzusunu müxtəlif variasiyalarda təfsir edir və öz əsərlərində Azərbaycan mədəniyyətinin mirası ilə bu qədim simvola rəssamın yeni baxışını effektiv şəkildə bir araya gətirir. Fərhadın əsərlərində pələngə xas ikilik - yumşaqlıq və zəriflik ilə birləşən güc və çeviklik ekspressiv, dinamik və sürrealistik yozum alır və bunun sayəsində də kolleksiya müasir, təsirli və parlaq görünür.

Fərhad Fərzəliyev öz fikrini belə ifadə edir: “- Mən bu pələng təsvirlərini pandemiya dövründə çəkmişəm və buna görə də rəsmlərdə həyat sevinci, yaşamaq həvəsi və yaratmaq istəyi tərənnüm olunur. Bu parlaq və rəngarəng pələng rəsmləri sanki ətrafa həyat sevinci saçır. Ümidvaram ki, pələnglərin təsvir olunduğu məhsulları alan insanlar hər dəfə çətinliyə düşən zaman bu rəsmlərə baxaraq ümid, mətanət və həyat eşqi barədə düşünəcəklər”.

“Bernardaud” və Fərhad Fərzəliyev əməkdaşlığı Azərbaycanın çoxtərəfli və parlaq bədii mirasını fransız çini məhsul manufakturasının tarixi ənənələri və filiqran sənətkarlığı ilə bir araya gətirir. Azərbaycanlı rəssam və fransalı sənətkarlar arasında qurulan bu yaradıcılıq alyansı mədəniyyətlərarası müasir dialoqun, eləcə də tarixi miras ilə müasir incəsənətin harmonik birliyinin rəmzinə çevrilmişdir.

1863-cü ildə Fransanın Limoj şəhərində təsis olunmuş “Bernardaud” çini məhsul manufakturasının baş ofisi indinin özündə də həmin şəhərdə yerləşir. Şirkət yarandığı gündən Bernardo ailəsi tərəfindən idarə olunur və bu gün şirkətə ailənin beşinci nəsil nümayəndəsi - Mişel Bernardo rəhbərlik edir.
Limoj şəhərini fransız “ağ qızılı”nın vətəni adlandırırlar, belə ki, çini məhsul istehsalı ənənələri bir neçə əsr əvvəl məhz bu şəhərdə başlamışdır. “Bernardaud” brendi Limoj çinisinin şanlı ənənələrinin qoruyucularından biridir və eyni zamanda, çini məhsul sənəti sahəsində təmayülləri müəyyənləşdirir. 160 yaşı olan bu brend öz nüfuzunu filiqran sənətkarlıq, irsə hörmət, novatorçuluq və geniş dünyagörüşünün vəhdəti üzərində qurmuşdur.

Bir məhsulun hazırlanması prosesində ümumilikdə 50-yə yaxın insan iştirak edir. Şirkətin Limoj şəhəri və Oradur-sür-Qlan (Oradour-sur-Glane) kommunasında yerləşən hər iki fabrikində süfrə düzümü predmetləri ilə yanaşı, Roy Lixtenşteyn və Ceff Kuns kimi görkəmli müasir rəssamlarla əməkdaşlıq çərçivəsində mürəkkəb incəsənət obyektləri də hazırlanır. Həmçinin, bu brend iri şirkətlərin, məsələn, ölkənin əsas milli aviadaşıyıcısı olan “Air France” kimi nəhənglərin sifarişlərini yerinə yetirir. Manufakturanın 160 illik yubileyi üçün Fərhad Fərzəliyev ilə əməkdaşlıq çərçivəsində hazırlanmış məhsul bütün dünya, eləcə də mədəniyyətlər və ənənələr arasında stimullaşdırıcı dialoqun rəmzidir.

Kolleksiyanın satışı 1 dekabr 2023-cü il tarixindən başlayıb və kolleksiyaya cəmi 225 ədəd olmaqla, 5 məhsul daxildir: 25 çay dəsti, aromatik şamları olan 50 şamdan, 50 dekorativ sini, 50 parç və 50 desert boşqabı.

Məhdud kolleksiya və satın alma imkanları ilə tanış olmaq üçün sizi 28 may küç., 5C ünvanında yerləşən Maison de Luxe Baku butikinə dəvət edirik. Daha ətraflı məlumatı linkdən əldə edə bilərsiniz: https://italdizain.az/bernardaudxfarkhad/index.html

Xəbər lenti

Xəbər lenti