Bakı. Trend:
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan bir sıra məşhur istiqamətlər üzrə endirim aksiyasına start verib. Endirimli aviabiletləri dekabrın 26-dan 29-dək əldə etmək olar.
Aksiya çərçivəsində Bakıdan Mineralnıye Vodı, Həştərxan, Volqoqrad, Samara, Soçi, Ufa və Minsk şəhərlərinə aviabiletlərin qiyməti bir tərəfə 79 manatdan, hər iki istiqamətdə isə 149 manatdan başlayır.
Moskva (Vnukovo və Domodedovo hava limanları), Kazan, Yekaterinburq, Sankt-Peterburq, Novosibirsk, Almatı və Astana şəhərlərinə aviabiletləri bir tərəfə 129 manatdan, hər iki istiqamətdə isə 249 manatdan başlayan qiymətlərlə əldə etmək mümkündür.
Təklif yüksək tələbat dövrü istisna olmaqla, 15 yanvar-25 may 2024-cü il tarixləri arasında həyata keçiriləcək uçuşlara şamildir. Endirimli aviabiletlərin sayı məhduddur.
Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.