...

Heydər Əliyev Mərkəzində gürcü rəssam Lado Qudiaşvilinin sərgisi açılacaq

Cəmiyyət Materials 16 Yanvar 2024 14:19 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 24-də Heydər Əliyev Mərkəzində görkəmli gürcü rəssam Lado Qudiaşvilinin (1896-1980) əsərlərindən ibarət sərgi açılacaq.

Trend xəbər verir ki, sərgi Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Gürcüstanın Azərbaycandakı səfirliyi və Gürcüstandakı Lado Qudiaşvili Fondunun dəstəyi ilə təşkil olunur. Boya, qrafik sənət və səhnə tərtibatı üzrə əfsanəvi incəsənət xadiminin əsərləri Azərbaycanda ilk dəfə nümayiş etdiriləcək.

Qeyd edək ki, Bakı sərgisindəki əsərlərin bir çoxu diqqət çəkir. İlk növbədə, Qudiaşvilinin qrafik işlərini qeyd etmək lazımdır. Bunların sırasında səhnə üzü görməyən baletin kostyumları üçün çəkilmiş eskizlər də var. Balet tamaşası baş tutmasa da, eskizlər rəssamın ölməz xatirəsi kimi qorunub saxlanılır.

Lado Qudiaşvilinin ilk sərgisi 19 yaşında olarkən Tbilisidə baş tutub və bununla da gənc rəssam Gürcüstanın bədii dairələrində geniş tanınmağa başlayıb. Əsərləri ilə dillərdə dastana dönən Qudiaşvili ilk sərgisinin təşkilindən dərhal sonra Tbilisinin mədəni həyatında rol alıb.

Əfsanəvi gürcü rəssam Niko Pirosmani Lado Qudiaşvilinin kumiri olub. O, bir neçə dəfə rəsm əsərlərində Niko Pirosmani obrazına müraciət edib. Rəssam Avropada da şöhrət qazanıb. O, xüsusilə beş il yaşadığı Parisin incəsənət aləmində yaxşı tanınıb, Avropanın bir sıra şəhərlərində, həmçinin Nyu-Yorkda keçirilmiş sərgiləri ilə incəsənətsevərlərin rəğbətini qazanıb.

Lado Qudiaşvilinin dünyaca məşhur incəsənət xadimləri Mark Şaqal, Pablo Pikasso, Vladimir Mayakovski, Sergey Yesenin ilə ünsiyyəti yaratdığı əsərlərə özünəməxsus iz qoyur. Lado özünü reallığı fərdi yanaşma üsulu ilə təsvir edən bir rəssam, eyni zamanda personajlarının simasında emosiyaların sonsuz çeşidini ustalıqla canlandıran diqqətli bir müşahidəçi və psixoloq kimi təsdiq edir.

Lado Qudiaşvili 1980-ci ildə vəfat edib. O, bədii dünyagörüşü və seçilən üsluba malik rəssam, gürcü modernizminin və Tbilisi avanqard hərəkatının banilərindən biri sayılır.

Rəssamın Heydər Əliyev Mərkəzindəki sərgisini aprelin 24-dək izləmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti