...

Vətən müharibəsi qazilərinin universitetlərə qəbulu üçün güzəştlər təklif edilir

Cəmiyyət Materials 6 Mart 2024 10:47 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsi qazilərinin ali təhsil müəssisələrinə qəbulu üçün müəyyən güzəştlər təklif edilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin bu gün keçirilən iclasında deyib.

B.Əliyev qeyd edib ki, “Təhsil haqqında” qanunda yer alan bakalavr təhsil səviyyəsi üzrə hazırlıq qruplarının yaradılması barədə maddə var.

“Məndə olan məlumata görə, bu günə qədər heç bir ali təhsil müəssisəsində hələ hazırlıq qrupları fəaliyyət göstərmir. Bu qruplarının təşkilinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

“Ali təhsil haqqında” qanun layihəsini müzakirə etdikdə bu məsələ də orda danışılmışdı ki, qazilər üçün hazırlıq qruplarında müəyyən kvotalar nəzərdə tutula bilər. Çünki həmin şəxslər hazırlıq qruplarına qəbul olduqdan sonra sonda imtahandan keçdikdə I kurs üzrə müvafiq ixtisaslara qəbul olunurlar.

Bu, o demək deyil ki, onlar imtahansız universitetə qəbul ediləcək? Xeyr. Sadəcə bir illik hazırlıq müddətdəki tədris onlara imkan verəcək ki, qəbul imtahanlarına hazırlaşsınlar, gələcək I və II kurslarda həmin fənlərlə bağlı müəyyən kreditləri qazana bilsinlər. Bu məsələnin Elm və Təhsil Nazirliyinin bir daha nəzərdən keçirməsini xahiş edirəm. Çünki məsələ aktual və gündəmdədir”, - komitə sədri əlavə edib.

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Qanun layihəsi sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanmışdır. Layihəyə əsasən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda 14.8-1-ci maddənin yeni redaksiyada verilməsi və mövcud qanunvericilikdə nəzərdə tutulan təhsil xərcləri ilə bağlı azadolmaların, o cümlədən bir sıra yeni imtiyazların qeyd edilən maddəyə əlavə edilməsi təklif olunur.

Belə ki, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti