Bakı. Trend:
27 may 2024-cü il tarixində Budapeştdə yerləşən Yunus Əmrə İnstitutunda Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi və Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası dəstəyi ilə Azərbaycanın Xalq Rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb.
Trend xəbər verir ki, sərgi mayın 31-dək açıq olacaq.
Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə giriş nitqi ilə çıxış edərək tədbir iştirakçılarını Azərbaycan və Macarıstan arasında mədəni əməkdaşlığın uğurlu inkişafı barədə məlumatlandırıb.
Rəssam Arif Hüseynov və Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxışlarında Azərbaycanın zəngin mədəniyyəti və iki ölkə arasında mədəni əlaqələrin tarixindən bəhs ediblər. Tədbirdə həmçinin Arif Hüseynovun əsərlərinin motivləri üzrə çəkilmiş “Qarabağnamə” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Macarıstanda akkreditasiya olunmuş diplomatik korpus nümayəndələri, o cümlədən Qazaxıstan və Özbəkistanın diplomatik nümayəndəliklərinin rəhbərləri, mətbuat və mədəni dairələrin, eləcə də Macarıstandakı Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)