Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sel və daşqınlara qarşı mühafizə tədbirləri görür.
Trend bu barədə ADSEA-ya istinadən məlumat verir.
Ölkə ərazisində 60-dan artıq sel və daşqın təhlükəli çaylar
mövcuddur. Sel və daşqınlar əsasən yaz-yay aylarına təsadüf edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin statistik məlumatlarına
əsasən son 5 il ərzində ekstrimal hidrometeoroloji hadisələrin
(sel, külək, dolu, yağışların və s.) sayında kəskin artım müşahidə
olunur. Belə ki, 2019-cu ildə il ərzində 5, 2020-də 35, 2021-də 41,
2022-də 50, 2023-cü ildə isə 147 sel və daşqın olub. Bu il sadəcə
aprel-iyun aylarında 59 dəfə sel və daşqınlar müşahidə edilib.
Hər il olduğu kimi, bu ildə də çaylarda baş verə biləcək sel və
daşqınların yaratdığı ziyanların minimuma endirilməsi üçün
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən mühüm
tədbirlər görülür.
Məlumat üçün bildiririk ki, bu il intensiv yağışlar səbəbindən
artan sel suları, küçələri, həyətyanı sahələri, ictimai iaşə
obyektlərini daş, çınqıl və lil ilə örtərək, küçələri keçilməz
edib, təsərrüfatlara ziyan dəyib. Qısa müddət ərzində Agentliyin
yerli istismar idarələri tərəfindən texnikalar cəlb olunaraq
kanalların təmizlənməsi, həyətyanı sahələrdən suların çəkilməsi,
yolların hamarlanması işləri aparılır, fəsadlar aradan
qaldırılır.
İyun ayının 26-sı və 27-də Astara rayonunun Siyəkü kənd inzibati
ərazi dairəsində kənd məktəbinin qarşısında avtomobil yolunun sel
sularına məruz qalması nəticəsində yolun hərəkət hissəsində
çətinliklər yaranıb. Yaranan çətinliklərin aradan qaldırılması üçün
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli istismar
idarəsi tərəfindən maşın-mexanizmlərlə yolun hərəkət hissəsi bərpa
olunaraq sakinlərin istifadəsinə verilib. Eyni zamanda həmin
ərazidə sel sularına məruz qalan 1 ədəd piyada körpüsü də bərpa
olunaraq istifadəyə verililib. Hazırda Pensər çayında məcra
təmizləmə işləri davam etdirilir. Kürdəmir rayonunun ərazisində
Girdimançay çayında su sərfinin artması nəticəsində rayonun
Pirili-Ərşəli kəndləri ərazisindən keçən hissədə fəsadlar yaranıb.
Selin qarşısının alınması məqsədilə Agentliyinin yerli istismar
idarəsi tərəfindən əraziyə texnikalar cəlb olunaraq axan sel
sularının istiqaməti dəyişdirilərək suyun kollektora axıdılması
təmin olunub və suyun kənd ərazisinə daxil olmasının qarşısı
alınıb.
Kür-Araz çaylarında yerli istismar idarəsi tərəfindən maşın və
mexanizmlər cəlb olunaraq, çayların bəndlərinin bərpası mütəmadi
olaraq aparılır. Eyni zamanda Sığırlı və Karrar kəndləri ərazisində
yağış suları nəticəsində su basan həyətyanı sahələrdə fəsadların
aradan qaldırılması üçün işlər davam etdirilir.
May-iyun aylarında İsmayıllı rayonuna yağan güclü yağış və
dağ-dərələrdən gələn sel suları bir sıra fəsadlar yaradıb. Rayon
ərazisindən keçən Cülyançay, Girdimançay, Talıstançay, Göyçay,
Sirsaqçay, Ax-Ox çay çaylarından güclü sel keçib. Sel suları torpaq
mühafizə bəndlərini yuyaraq yararsız hala salıb. Lahıc qəsəbəsində,
Qurbanəfəndi və Topçu kəndlərində, dağlardan gələn güclü sel suları
həyətyanı sahələrə, evlərə və təsərrüfatlara ciddi ziyan vurub.
Talıstançay və Cülyançay çaylarının yatağı iri daşlar va ağac
kötükləri tamamilə dolub, yolları dağıdıb, əhalinin gediş-gəlişinə
çətinliklər yaradıb. Agentliyinin yerli istismar idarəsi tərəfindən
əkin və həyətyanı sahələrdə sel suları nəticəsində baş verən
fəsadlar aradan qaldırılıb. Eyni zamanda Göyçay, Türyançay,
Talıstançay və Ax-ox çaylarında sel suları nəticəsində dağılan
torpaq bəndlərin bərpası istiqamətində işlər davam etdirilir. Qax
rayonunun İbaxlı kəndinin sel sularından mühafizəsi üçün tədbirlər
görülüb. Bundan basqa Əlibəyli və Ləkit kəndlərinin mühafizəsi üçün
də əraziyə texnika cəlb olunaraq çaylarda sel sularından mühafizə
tədbirləri həyata keçirilib.
Zaqatala rayonunun Muxaxçay, Talaçay, Qaraçay və Silbançay çaylarında sel sularından mühafizə olunmaq üçün texnikalarla çaylarda məcra təmizləmə işləri həyata keçirilib.
Hacıqabul rayonu ərazisində Pirsaatçay çayından suyun sərfi artması nəticəsində Rəncbər və Qubalıbaloğlan kəndlərinə gedən avtomobil yolu subasmaya məruz qalıb. Əraziyə texnikalar cəlb olunaraq fəsadlar aradan qaldırılır. Ələt qəsəbəsində yeni tikiləcək aeroportun ərazisinə suyun daxil olmasının qarşısının alınması üçün Pirsaatçaydan gələn suyun kollektora ötürülməsi təmin olunub.
Kür çayının bəndlərində və ona sol tərəfdən qoşulan Türyançay, Göyçay, Qaraçay və Girdmançay çaylarında Agentliyinin yerli istismar idarəsi tərəfindən bəndlərin hündürləşdirilməsi və möhkəmləndirilməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görülüb və hazırda bu istiqamətdə işlər davam etdirilir.