Bakı. Trend:
Təhsil sistemi ilə əmək bazarı arasında əlaqə yaratmalıyıq.
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, nazirlik tərəfindən işsiz və işaxtaranlar üçün məşğulluq proqramı həyata keçirilir.
“Həmçinin işsiz və işaxtaran şəxslər peşə hazırlıqlarına cəlb edilir. Bu gün təhsil və əməkbazarı qarşısında duran problemlərin həllində yalnız dövlət aparıcı rol oynamamalıdır. Özəl sektor da bu fəaliyyətə qoşulmalıdır. Bizim peşə hazırlıqlarımız əmək bazarına uyğun təşkil edilir. 170-ə yaxın peşə ixtisası üzrə təlimlər keçə bilirik. Növbəti ildə bu sahədə özəl sektorla əməkdaşlığımızı genişləndirməyimizi planlaşdırırıq”, - Anar Əliyev əlavə edib.
Qeyd edək ki, Bakıda Təhsilin İnkişafı Forumu keçirilir.
Təhsilin İnkişafı Forumu 2024-ün əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı birgə dialoq üçün uyğun platforma təmin etmək və prosesi hərtərəfli dəstəkləməkdir.
Forum hər il ölkənin təhsil sisteminin cari vəziyyəti, iqtisadiyyata inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının inkişaf perspektivlərinə dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir.