Bakı. Trend:
ADA Universiteti Fondunun və Azercell Telekom MMC-nin ötən ildən etibarən birgə təşkil etdiyi “İdeya İnkubasiyası Proqramı”nın ikinci mərhələsinə start verilib.
Trend xəbər verir ki, bu barədə ADA Universiteti məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın startap ekosisteminin inkişafını dəstəkləyən proqram gənclərə yeni texnologiyaların tətbiqini öyrədəcək, onları real startap ekosisteminə hazırlayacaq. İştirakçılar öz ideyalarını layihələndirmək və reallaşdırmaq üçün lazım olan bilik və bacarıqlara yiyələnəcəklər, təcrübəli mentorlarla işləmək və ekosistem nümayəndələri ilə əməkdaşlıq qurmaq fürsəti əldə edəcəklər.
Layihəyə bu il 10 komanda cəlb ediləcək. ADA Universitetnin və Azercell Telekomun əməkdaşları yarım ilədək olan müddət ərzində komanda üzvlərinə mentorluq edəcək, gənclərə “Startap təfəkkürünün formalaşdırılması”, “İT Layihə idarəetməsi”, “MVP hazırlanması”, “Uğurlu startup təqdimatların hazırlanması ” kimi mövzularda təlimlər keçəcəklər.
Sonda qalib gələn komandaya 3500 AZN pul mükafatı təqdim ediləcək. Eyni zamanda, uğurlu layihə təklifləri “Azercell Telekom” tərəfindən dəyərləndiriləcək və ideyları ilə seçilən startapçılara təcrübə proqramında iştirak və ya iş fürsəti təqdim ediləcək.