Bakı. Trend:
Şərqi Zəngəzur və Qarabağ İqtisadi Rayonlarının çaylarının 2350 mln.m3 həcmində olan su ehtiyatları ölkənin daxili su ehtiyatlarının 24%-i qədərdir və onlardan istifadə ölkədə yaranan su qıtlığı probleminin həllində mühüm əhəmiyyətə malikdir.
Trend-in məlumatına görə, bu sözləri bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında kadastr və uçot şöbə müdiri Rafiq Verdiyev deyib.
O, həmçinin qeyd edib ki, başlanğıcını Mingəçevir su anbarından götürən Şirvan və Qarabağ suvarma kanalları yenidən qurulur:
"Əlavə olaraq, 20 suvarma kanalının, 1 hidroqovşağın və 1 kollektorun yenidən qurulması üzrə işlər görülür. Eyni zamanda, məhdud su ehtiyatı və artan tələbat şəraitində bütün sahələrdə qənaətedici su texnologiyalarının tətbiqi və tullantı sularının təmizlənərək istifadəsi genişləndirilmişdir. Həmçinin, ölkədə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilir".