...

Fövqəladə Hallar Nazirliyi tərəfindən metroda təlim keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 9 Mart 2025 12:07 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi tərəfindən metroda təlim keçirilib (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “İçəri şəhər” və “Sahil” stansiyalarında taktiki-xüsusi təlim keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun əsasən “İçəri şəhər” və “Sahil” stansiyaları arası 1-ci yol mənzilində “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 11 ədəd texnikası və 76 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti