...

2024-cü ildə işsizlikdən sığorta ödənişləri üçün 14 milyon manatadək vəsait xərclənib

Cəmiyyət Materials 14 Mart 2025 11:02 (UTC +04:00)
2024-cü ildə işsizlikdən sığorta ödənişləri üçün 14 milyon manatadək vəsait xərclənib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1778,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 882,8 min nəfər, qeyri-dövlət sektorunda isə 895,7 min nəfər təşkil edib. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8 %-i məhsul istehsalı, qalanları isə müxtəlif xidmət sahələrində fəaliyyət göstəriblər.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, 2024-cü il ərzində 160,0 min nəfər münasib işlə təmin edilib, 17,1 min nəfər haqqı ödənilən ictimai işlərə, 15,6 min nəfər peşə hazırlığı kurslarına, 17,3 min nəfər özünüməşğulluq proqramına cəlb olunub, 9,8 min nəfərə isə işsizlikdən sığorta ödənişi təyin olunub.

2024-cü ildə 15,6 min nəfər peşə hazırlığına cəlb olunub, peşə hazırlığını bitirənlərdən 55 %-i işlə təmin olunub. Peşə hazırlığına cəlb olunan 15,6 min nəfərdən qadınların sayı 9,9 min nəfər, gənclərin sayı (14-29 yaş arası) 7,7 min nəfər, əlilliyi olan şəxslərin sayı 476 nəfər, keçmiş məcburi köçkünlərin sayı 1,4 min nəfər, cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərin sayı 39 nəfər, müharibə iştirakçılarının sayı 368 nəfər, şəhid ailəsinin üzvlərinin sayı 15 nəfər təşkil edib.

Hesabat dövrü ərzində özünüməşğulluq proqramına 17,3 min nəfər cəlb olunub. Onlardan 11,2 min nəfəri kənd təsərrüfatı, 6,1 min nəfəri isə istehsal-xidmət istiqaməti üzrə proqrama müraciət edib. Həmin şəxslərdən 135 nəfəri şəhid ailəsi üzvü, 1,5 min nəfəri əlilliyi olan şəxs, 1 020 nəfəri məcburi köçkün, 7,4 min nəfəri qadın, 2,3 min nəfəri 29 yaşadək gənc, 307 nəfəri cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxs və 84 nəfəri ünvanlı dövlət sosial yardımı alan şəxslər olub.

Hesabat dövrü ərzində 9,8 min nəfər işsiz şəxsə işsizlikdən sığorta ödənişi təyin olunub ki, bu da 2023-cü ilə nisbətən 1,4 min nəfər çoxdur. 2024-cü ildə işsizlikdən sığorta ödənişləri üçün 2023-cü illə müqayisədə 1 mln. manat çox olmaqla 13,9 mln. manat vəsait xərclənilib.

2024-cü il üzrə 17,1 min nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, onlardan 128 nəfəri şəhid ailəsi üzvü, 2,1 min nəfəri əlilliyi olan şəxs, o cümlədən 226 nəfəri müharibə əlili, 525 nəfəri müharibə veteranı, 437 nəfəri keçmiş məcburi köçkün, 6,5 min nəfəri qadın, 1,1 min nəfəri 29 yaşadək gənclər, o cümlədən 51 nəfəri 20 yaşadək gənc, 802 nəfəri pensiya yaşına iki ildən az qalmış şəxslər olub.

2024-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8,1% artaraq 1009,2 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3729,4 manat, qeyri neft-qaz sektorunda 959,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 975,2 manat, özəl müəssisələrdə isə 1044,1 manat olub.

2024-cü il ərzində 2,7 min halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Törədilmiş inzibati xətaya görə Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 4,9 mln. manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub, həmin cərimələrdən 2,3 mln. manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib. Xidmətin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 20 işəgötürənə 156,8 min manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub.

Xidmət tərəfindən görülmüş tədbirlərin nəticəsi olaraq vətəndaşlara ödənilməsi gecikdirilmiş 213,1 min manat məbləğində vəsaitin (onlardan 88,6%-i əməkhaqqı, 1,2%-i zərərə görə ödənc, 10,2%-i sosial müavinət və kompensasiya) ödənilməsi təmin edilib.

Qanunvericiliyin tələblərinə riayət etməyən işəgötürənlər barədə görülmüş inzibati məsuliyyət tədbirləri nəticəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi üzrə 263 halda 503 min manat, 192.3-cü maddəsi üzrə 156 halda 176,8 min manat inzibati cərimə tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti