Bakı. Trend:
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsinə görə cərimələr müəyyənləşir.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsaəsn, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmamasına, icbari o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcək.
Şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmayacaq.
İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə ve ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə 1000 manatdan 2 200 manatadək məbləğdə cərimə ediləcək.
Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra İşəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə 1 500 manatdan 2 200 manatadək məbləğdə cərimə ediləcək.
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər 1000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.