Bakı. Trend:
Müasir Azərbaycan gəncləri xarici dillərə böyük maraq göstərir.
Trend xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimində çıxışı zamanı deyib.
Rektor qeyd edib ki, ingilis, alman dilləri ilə yanaşı, gənclər artıq ərəb dilinə də böyük maraq göstərir:
"BDU olaraq ərəb dilinin inkişafına, ərəb ölkələri ilə qarşılıqlı fəaliyyətə xüsusi yanaşırıq. Ərəb dili dünyanın ən zəngin dillərindən biridir. Bu dil həm də sivilizasiyanın daşıyıcılarından biridir. Azərbaycan xalqının ərəb dili ilə əlaqəsi qədim dövrlərə dayanır.
İslam dünyası ilə mədəni, dini və elmi münasibətlərimizin əsas sütunlarından biri ərəb dilidir. Əsrlər boyu Azərbaycan alimləri bu dil vasitəsilə böyük İslam mədəniyyətinə qovuşub, zəngin biliklər qazanıb və eyni zamanda, öz elmi irsini ərəb dünyasına təqdim edib.
Bu missiyanın ən böyük daşıyıcılarından biri, əlbəttə ki, Bakı Dövlət Universiteti və onun Şərqşünaslıq fakültəsidir".