Bakı. Trend:
“Sıfır emissiya zonaları” elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji mənbələri fəal şəkildə tətbiq olunur, 12 şəhər və 90 kəndin baş planları hazırlanır.
Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsində deyib.
Onun sözlərinə görə, son 4 il ərzində ölkədə 38 kiçik Su elektrik stansiyası istismara verilib ki, bu da 620 min ton həcmdə emissiyanın ixtisarına imkan yaradıb.
Azərbaycan davamlı şəhərsalma sahəsində iqlimədavamlı və inklüziv şəhərlərin inkişafına yönəlmiş strateji təşəbbüslər təqdim edib.
A.Quliyev vurğulayıb ki, şəhərlər dünya ÜDM-nin təqribən 80 faizini formalaşdırmaqla yanaşı, qlobal emissiyaların demək olar ki, 70 faizinə və dünya enerji istehlakının üçdə ikisinə cavabdehdir.
“Davamlı urbanizmin əsas aləti baş planlardır. Bu planlar 20 illik dövr üçün işlənib hazırlanır və mütəmadi olaraq yenilənir. Hazırda ölkənin 79 şəhərindən 65-i üzrə baş plan yenilənib, daha 10-u təsdiqlənmə mərhələsindədir. Flqman nümunə isə Bakı-2040 Baş Planıdır. Bu sənəd polisentrik inkişafı, mədəni irsin qorunmasını, torpaqdan səmərəli istifadənin təmin olunmasını və ekoloji məsuliyyətli şəhər mühitinin formalaşdırılmasını nəzərdə tutur”, – deyə A.Quliyev bildirib.