...

Dərman idxalı üçün ekspertizanın müddəti açıqlanıb

Cəmiyyət Materials 6 Yanvar 2026 10:26 (UTC +04:00)
Dərman idxalı üçün ekspertizanın müddəti açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının “Dərman vasitələri” haqqında qanunvericiliyinə əsasən, dərman vasitələrinin idxalına dair daxil olmuş bütün müraciətlər qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində cavablandırılır.

Trend xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin idxal-ixrac şöbəsinin müdir müavini Şirin Şahbazov açıqlayıb.

Onun sözlərinə görə, standart qaydalara əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin idxalına dair müraciətlər 23 iş günü müddətində baxılır:

“Bu müddət, ölkə ərazisinə idxalı nəzərdə tutulan dərman vasitələrinin idxal ekspertizasının aparılması üçün müəyyən edilmiş normativ tələblər əsasında müəyyən olunur. Eyni zamanda, sadələşdirilmiş qaydada, yəni beynəlxalq qeydiyyatı tanınmaqla dövlət qeydiyyatına alınmış dərman vasitələrinin idxalı ilə bağlı müraciətləri üçün cavab müddəti daha qısa – 13 iş günü təşkil edir. Bu, idxal prosesi zamanı ərizəçilər üçün prosedurun sürətləndirilməsi və beynəlxalq təcrübələrin nəzərə alınması məqsədini daşıyır”.

Ş.Şahbazov qeyd edib ki, göstərilən müddətlər, idxal üçün təqdim olunmuş sənədlərin ekspertizası və idxal ediləcək dərman vasitələrindən partiyalar üzrə götürülmüş nümunələrin ekspertizasının xüsusiyyətlərinə əsasən dəyişə bilər:

“Burada göstərilən gün sayları maksimal müddəti əks etdirir. Praktiki olaraq isə, dərman vasitələrinin ekspertiza nəticələri tamamlandıqdan növbəti iş günü ərzində, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun olaraq Qurum (AEM) növbəti iş günü ərzində dərman vasitələrinin idxalına icazəni verir. Və ya əgər müvafiq hallar mövcuddursa, idxala icazənin verilməsindən imtina barədə qərar qəbul edərək, ərizəçiyə rəsmi qaydada təqdim edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti