Bakı.Trend:
2025-ci il üzrə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 10425 müraciət daxil olub.
Trend xəbər verir ki, bu barədə Enerji Məsələlərini Tənzimləmə Agentliyi məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 1477-si məlumat üçün olmaqla 8884 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 129-u məlumat xarakterli olmaqla 1130 müraciət olunub. İstilik təchizatı ilə bağlı 28-i məlumat üçün olmaqla cəmi 232 müraciət edilib. Digər məsələlərlə bağlı 15-i məlumat üçün olmaqla 179 müraciət göndərilib.
Müraciətlərdən 8174-ü Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (147 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib), 35 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 567 müraciət hazırda baxılma prosesindədir, 1649 məlumat xarakterli müraciətdən 688-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 180 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 480 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 187 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 668 inzibati xəta haqqında işə baxılıb, onlardan 657 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 10 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunub, 1 iş isə baxılması üçün məhkəməyə göndərilib.
Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 1055 nəzarət tədbiri keçirilib.
İstilik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və istilik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 62 nəzarət tədbiri keçirilib.
Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 822 nəzarət tədbiri keçirilib.
Agentlik tərəfindən hesabat dövrü ərzində 288 müəssisədə 731 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.
