Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili Elmira Süleymanova Daxili İşlər Nazirliyi ilə birgə insan haqlarının qorunması məsələləri ilə əlaqədar əməkdaşlığın təkmilləşdirilməsi çərçivəsində tədbirləri davam etdirir.
Bu gün E.Süleymanova daxili işlər orqanlarının əməkdaşları ilə birgə Quba Rayon Polis Şöbəsində bu zonanın rayon polis şöbələrinin əməliyyat və xidmət üzrə rəis müavinləri, istintaq bölmələrinin və müvəqqəti saxlanılma təcridxanalarının rəisləri üçün seminar-müşavirə keçirib. Tədbirdə Sümqayıt şəhəri, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı və Ağsu rayonlarının polis şöbələrinin əməkdaşları iştirak edib.
Seminarda çıxış edən ombudsman polis orqanları əməkdaşlarının diqqətinə çadırıb ki, aparata daxil olmuş şikayətlərin təhlili nəticəsində daha çox yol verilmiş nöqsanlara əhali arasında maarifləndirmə işinin lazımi səviyyədə aparılmaması, vətəndaşlara polis şöbələrinin əməkdaşları tərəfindən təzyiqlər göstərilməsi, istintaqın qeyri-obyektiv aparılması, əsassız olaraq saxlama, cinayət işinin icrasına əsassız xitam verilməsi və sair hallar daxildir.