...

Fikrət Məmmədov: Məhkəmə qərarlarının vaxtında və düzgün icrası sahəsində ardıcıl tədbirlər görülüb

Cəmiyyət Materials 5 İyul 2006 17:41 (UTC +04:00)

Məhkəmə qərarlarının vaxtında və düzgün icrası sahəsində ardıcıl tədbirlər görülüb. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov məlumat verib.

Nazir bildirib ki, nəzarətin gücləndirilməsi və təhlillərin yaxşılaşdırılması məqsədilə müvafiq statistik hesabat formaları təkmilləşdirilib, məhkəmə qərarlarının icrası ilə bağlı təkrar şikayətlərə və onları doğuran səbəblərə xüsusi diqqət yetirilərək nöqsanlara yol vermiş bir sıra əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb olunub.

"Həyata keçirilmiş tədbirlər nəticəsində 2006-cı ilin birinci yarımilində 20.382 sənəd icra olunmuşdur. Məhkəmə qərarlarının icrasının təmin edilməsində xüsusi rolu olan nazirliyin İstintaq idarəsinin icraatında 2006-cı ilin 6 ayı ərzində 87 cinayət işi olmuşdur. Məhkəmə qərarlarının icra edilməməsi və digər cinayətlər üzrə həmin işlərdən 70-nin istintaqı tamamlanmış, zərərçəkmiş şəxslərin hüquqları bərpa edilərək 12 cinayət işinin icraatına xitam verilmişdir. Hazırda məhkəmə qərarlarının icrası ilə bağlı çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin görülməsi davam etdirilir" - deyə nazir qeyd edib.

Nazir həmçinin penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi və mövcud nöqsanların aradan qaldırılması üzrə kompleks tədbirlər davam etdirilib. Həyata keçirilmiş tədbirlər nəticəsində məhkumların saxlanma şəraiti, qidalandırılması və digər təminatları köklü surətdə yaxşılaşdırılıb, nizam-intizam gücləndirilib, penitensiar müəssisələrdə qanunsuz tələblərin irəli sürülməsi, qanunvericiliklə qadağan olunmuş əşyaların keçirilməsi, ayrı-ayrı məhkumlara imtiyazlı şərait yaradılması və digər sui-istifadə hallarının qarşısı qətiyyətlə alınıb.

"Bundan başqa saxlanma şəraitinin, həmçinin tibb-sanitariya xidmətinin yaxşılaşdırılması məqsədilə bir sıra müəssisələrdə təmir-tikinti işləri görülmüş, demək olar ki, bütün penitensiar müəssisələrdə abadlaşdırılma aparılmışdır" - deyə F.Məmmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti