Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin (HVA AMK) sədri Arzu Abdullayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan və Dağlıq Qarabağda səfəri zamanı bir sıra görüşlər keçirib. Bu barədə Trend ə Milli Komitədən məlumat verilib.
Qeyd edək ki, hüquq müdafiəçisi Arzu Abdullayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 25-31 iyul tarixində Ermənistan və Dağlıq Qarabağda səfərdə olub. Səfər zamanı nümayəndə heyəti Xankəndində təşkil edilmiş əsir, itkin və girovlarla bağlı beynəlxalq konfransda iştirak edib və azərbaycanlı əsirlərin saxlanıldığı güman edilən yerlərdə (Şuşa türməsi) monitorinqlər keçiriblər.
Arzu Abdullayeva səfərlə əlaqədar son günlər yerli mətbuatda həqiqətə uyğun olmayan məlumatlar yayıldığını bildirərək belə məlumatların ictimaiyyətin fikrini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli variantından yayındırmaq məqsədi daşıdığını iddia edib. O qeyd edib ki, Ermənistana və Dağlıq Qarabağa səfər edən nümayəndə heyətinin mövqeyi Qarabağ Şurasının mövqeyi ilə tam üst-üstə düşür. A.Abdullayeva səfərin yekunları ilə bağlı avqustun 3-də geniş mətbuat konfransı keçirəcək və bütün məsələlərə aydınlıq gətirəcək.