...

Hacı Məmmədov: Kamil Sədrəddinovun mənim törətdiyim cinayətlərdən xəbəri olmayıb

Cəmiyyət Materials 7 Avqust 2006 19:11 (UTC +04:00)

Avqustun 7-də məhkəmədə ifadə verən DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov söyləyib ki, Kamil Sədrəddinovun uzun illər ərzində onun törətdiyi cinayətlərdən xəbəri olmayıb. Trend xəbər verir ki, məhkəmə iclasına hakim Əli Seyfəliyev sədrlik edir.

"Kamil Sədrəddinov Bakıda baş verən adam oğurluqlarında məndən şübhələnsə də, həmin cinayətlərin başında məhz mənim dayandığımı ağlına gətirmirdi. Mən ona hərdən 3, yaxud 5 min dollar verirdim, lakin Sədrəddin həmin pulu adam oğurluğundan əldə etdiyimi başa düşmürdü, pulun mənbəyi ilə maraqlananda isə bildirirdim ki, guya hansısa əməliyyatla bağlı bu dəfə əlim yaxşı gətirib" - deyə H.Məmmədov söyləyib.

H.Məmmədov Kamil Sədrəddinovdan fərqli olaraq DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovun onun bütün cinayətlərindən xəbəri olduğunu bildirib.

Sonra H.Məmmədov iş adamlarının övladları olan İlham Qədimovun, Elşən Həsənovun, Cavid Manafovun, Ülvan Bağırovun oğurlanması ilə bağlı epizodlar üzrə ifadə verib. Bildirib ki, həmin şəxslərin oğurlanmasından əldə etdiyi pulların çox hissəsini çeçen milliyyətindən olan banda üzvləri arasında bölüşdürüb.

"İlham Qədimovun atası, bizneslə məşğul olan Vaqif Qədimovla ailəvi dost olmuşam, İlhamın oğurlanmasını özüm təşkil etmişəm. Atası pul vermək istəmədiyinə görə İlhamın qulağını kəsib zərfin içində ona göndərmişəm. Bundan sonra atası 180.000 ABŞ dolları ödədi, biz də uşağı azad etdik" - deyə H.Məmmədov söyləyib.

Məhkəmə iclası avqustun 8-də Hacı Məmmədovun ifadəsi ilə davam edəcək.

Xəbər lenti

Xəbər lenti