Avqustun 12-də 2006-2007-ci tədris ili üçün respublikanın ali məktəblərinə II ixtisas qrupu abituriyentlərinin qəbul imtahanı keçirilib. Bu barədə Trend ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ictimaiyyətlə əlaqələr bölməsindən bildiriblər.
Həmin gün 13563 abituriyent (Bakı şəhərində 12344, Naxçıvan şəhərində 1219 nəfər) qəbul imtahanı verib (Azərbaycan bölməsi üzrə 12345, rus bölməsi üzrə 1218). İmtahanların keçirilməsi üçün Bakı şəhərində19, Naxçıvan şəhərində 2 bina ayrılıb. Bakı və Sumqayıt orta məktəblərindən 892 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 74 imtahan rəhbəri cəlb olunub.
II ixtisas qrupu üzrə qəbul planı Azərbaycan bölməsi üzrə 1708, rus bölməsi üzrə 268, birgə müsabiqə aparılan ixtisaslar üzrə isə 1212-dir. Bu ixtisas qrupunda 24 ixtisas üzrə 9 dövlət və 1 qeyri-dövlət ali məktəblərində mütəxəssis hazırlığı aparılır. Bu qrupun ixtisaslarını seçən 85 abituriyent xarici ölkələrin vətəndaşıdır.
Onu da bildirək ki, imtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Düzgün cavablar TQDK-nın İnternet səhifəsində yerləşdiriləcək. Həmin gün saat 19.30-da "Spase" kanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat veriləcək.