Ukraynada yaşayan Azərbaycan və yəhudi diasporlarının birgə Forumunun keçirilməsi qərara alınıb. Bu barədə Trend ə Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Oqtay Əfəndiyev məlumat verib.
O bildirib ki, Ukraynanın Babi Yar adlanan ərazisində yəhudi soyqırımına həsr olunmuş memorial kompleksin açılışında Azərbaycan və yəhudi diaspor nümayəndələri də iştirak ediblər. Qeyd edək ki, həmin mərasimində Ukrayna prezidenti Viktor Yuşenko, baş nazir Viktor Yanukoviç, Ali Radanın sədri, Kiyev şəhərinin meri, həmçinin qonaq qismində İsrail, Çernoqoriya, Sloveniya respublikalarının prezidentləri, bir çox dövlətlərin rəsmi şəxsləri, o cümlədən Azərbaycan Respublikasından Milli Məclisin spikeri Oqtay Əsədov iştirak ediblər.
Ukraynadakı Azərbaycan diasporu nümayəndələrinin, UAK-ın sədri Oqtay Əfəndiyevin, həmçinin Ukraynadakı yəhudi icmasının da qatıldığı açılış mərasimində soyqırım barədə danışılıb, təkcə Babi Yarda 500 mindən çox dinc yəhudinin qətlə yetirildiyi bildirilib. Abidə kompleksinin qarşısında Ukrayna, İsrail, Çernoqoriya, Sloveniya respublikalarının prezidentləri çıxış edərək soyqırım haqqında danışıb, bu tarixi faciənin törədilməsini pisləyiblər. Prezidentlər, həmçinin digər iştirakçılar abidənin önünə gül-çiçək qoyublar, soyqırım zamanı qətlə yetirilmiş insanların xatirəsini yad edilib.
Mərasimdən sonra Azərbaycan və yəhudi icmaları nümayəndələri arasında danışıqlar aparılıb. UAK sədri iki diasporun birgə tədbirinin keçirilməsini təklif edib: "Biz yəhudi icmasının rəhbəri ilə belə bir qərara gəldik ki, Ukraynada Azərbaycan və yəhudi diasporlarının birgə Forumunu keçirək. Bununla bağlı yaxın vaxtlarda təşkilat komitəsinin yaradılması barədə razılığa gəldik. Azərbaycan xalqı çox dəhşətli soyqırımlara məruz qalmış yəhudi xalqı ilə həmrəydir və onların dərdlərini bölüşür. Çünki Azərbaycan xalqı da XX əsrdə iki dəfə ermənilər tərəfindən soyqarıma məruz qalıb və ermənilərin təcavüzü bu gün də davam edir. 1918-ci ildə Azərbaycanın müxtəlif şəhərlərində erməni daşnakları tərəfindən dinc insanlara qarşı dəhşətli soyqırım törədilib. Həmçinin 1992-ci il 26 fevralda Xocalıda bir gecədə analoqu olmayan soyqırım törədildi. Belə soyqırımlara məruz qalan Azərbaycan və yəhudi xalqları bir-birinə bənzər faciələr yaşayıblar. Ona görə də biz bir-birimizi daha yaxşı başa düşürük"-deyə O.Əfəndiyev vurğulayıb.
UAK sədri həmçinin yəhudi icmasına məxsus "Yevreyskie vesti" qəzetinə müsahibə verib. Müsahibəsində də o, bu barədə danışıb, Azərbaycan xalqının faciələri barədə məlumat verib.