Azərbaycanda teatr sənətini inkişaf etdirmək üçün vəsait lazımdır. Trend xəbər verir ki, bu barədə Teatr Xadimləri İttfaqının (TXİ) sədri Azər Paşa Nemətov noyabrın 1-də Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasında "2007-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
A.P.Nemətov onu da bildirib ki, ümumiyyətlə Azərbaycanda sponsor anlayışı yoxdur. Teatrın ağır sənət növlərindən biri olduğunu deyən TXİ sədri qoyulan sərmayənin məbləğinə uyğun tamaşanın hazırlandığını deyib: "5 və yaxud da 3 min manatla tamaşa hazırlamaq və sonra da yüksək nəticə istəmək məntiqsizdir".
A.P.Nemətov Rusiyanın adi "Satirikon" teatrında bir tamaşanın hazırlanmasına 1 milyon dollardan 1 milyon 500 min dollaradək pulun ayrılmasını misal çəkib: "Bizdə isə bu məbləğ olduqca azdır". A.P.Nemətov vurğulayıb ki, "Hamlet" tamaşasının hazırlanması üçün Mədəniyyət və Turzim Nazirliyinin dəstəyi ilə 58 milyon manat ayrıldı. Amma həmin tamaşanın Moskvada hazırlanması üçün 1 miylon 200 min dollar ayrılır.
A.P.Nemətov TXİ-nın 1897-ci ildə yarandığını desə də bu vaxtadən dövlətdən heç bir yardım almadıqlarını bildirib. Beynəlxaq Teatrlar İttifaqının üzvü olduqlarını deyən A.P.Nemətov dünyanın Azərbaycanın teatr sənəti haqqında informasiya istədiyini söyləyib. Qeyd edib ki, maliyyənin olmaması üzündən "Azərbaycanın teatr dünyası" adlanın jurnalı belə kvartalda bir dəfə çap etmək olmur.