...

Bəstəkar Vüqar Camalzadənin mahnılarından ibarət konsert keçirildi

Cəmiyyət Materials 11 Noyabr 2006 14:21 (UTC +04:00)

Dünən - noyabrın 10-da Heydər Əliyev adına Sarayda bəstəkar Vüqar Camalzadənin mahnılarından ibarət konsert keçirildi. Trend in məlumatına görə, bəstəkarın öz yaradıcılığı ilə bağlı ilk hesabat konsertində çoxsaylı sənətçilər onun mahnılarını ifa edib, aktyorlar tamaşaçılara şou təqdim ediblər.

Tanınmış şoumen Qorxmaz Əlili tərəfindən konsertin açılışından sonra bəstəkar səhnədə öz yerini tutdu, fortopianoda canlı ifası ilə tamaşaçılarına musiqi töhfəsi verdi. Elə proqramın aparıcılığını da öz üzərinə götürdü. Ardınca səhnədə müxtəlif müğənnilərin çıxışında V.Camalzadənin sevilən mahnıları ifa olundu. İstər yenicə səhnə fəaliyyətinə başlamış gənc müğənnilərin, istərsə də populyar estrada ulduzlarının V.Camalzadənin əsərlərini böyük məharətlə ifa etməsi, həmçinin bu musiqilərin rəngarəngliyi, peşəkarlığı tamaşaçıların rəğbəti, alqışları ilə qarşılanırdı.

Rövşən Məmmədov, Ceyhun Nemətov, Elton, Xalid, İradə İbrahimova, Rəşad İlyasov, Röya, Zülfiyyə Xanbabayeva, Lalə Məmmədova, Faiq Ağayev və digər müğənnilər V.Camalzadənin ən sevilən və populyar mahnılarını ifa etdilər, bəstəkara təbrik və arzularını çatdırdılar. Rafael və Coşğun cütlüyü, Qorxmaz Əlili isə aktyorluq qabiliyyətlərindən məharətlə istifadə edərək tamaşaçılara gülüş dəqiqələri bəxş etdilər.

Konsertdə canlı ifaları V.Camalzadənin musiqi qrupu müşaiyət edirdi. Konsertin sonunda müğənnilərin birgə ifasında V.Camalzadənin məşhur "Ey Vətən" mahnısı oxunaraq musiqili gecənin təntənəli bağlanışına çevrildi.

Qeyd edək ki, V.Camalzadənin yaradıcılıq gecəsinin informasiya dəstəyi Trend İnformasiya Agentliyinə məxsus idi.

Xəbər lenti

Xəbər lenti