...

Azərbaycan teatrı "İbRus" "Tənha səs" yeni tamaşası ilə qastrola hazırlaşır

Cəmiyyət Materials 27 Noyabr 2006 14:09 (UTC +04:00)

2007-ci ildə "İbRus" teatrı Finlandiya, Türkiyə və Fransada keçirilən beynəlxalq teatr festivallarına qastrola hazırlaşır. "İbRus"un kollektivi əcnəbi teatr həvəskarları qarşısında fransız dramaturqu Jan Koktonun "İnsan səsi" pyesinin motivləri əsasında səhnələşdirilən "Tənha səs" yeni tamaşası ilə çıxış edəcək. Qeyd edək ki, artıq neçə illərdir Finlandiyada yaşayan və çalışan, həmçinin orada "Qara və ağ" adlı teatra rəhbərlik edən həmyerlimiz, rejissor Kamran Şahmərdanın quruluş verdiyi bu tamaşanın ikinci premyerası teatrda noyabrın 26-da baş tutub.

Trend in "İbRus"a istinadən verdiyi xəbərə görə, "Tənha səs" tamaşasında cəmi iki aktrisa-gənc atılmış qadını oynayan Mələk Abbaszadə və səhnədə Ruhu canlandıran Şükufə Yusufova iştirak edir. Xatırladaq ki, Ş. Yusufova 18 il əvvəl J. Koktonun eyni peysi əsasında hazırlanmış teletamaşada baş rolu ifa edib.

Ənənəyə görə, "İbRus"un butun tamaşaları rus və azərbaycan dillərində oynanılır. Amma teatrdan verilən məlumata görə "Tənha səs" tamaşasının azərbaycanca ilə yanaşı türk dilində də qoyulması ehtimalı var. Belə ki, M. Abbaszadə bu dili çox gözəl bilir.

"İbRus" 2007-ci ilin əvvəlində "Tənha səs"i Türkiyədə və beynəlxalq teatr festivallarında təqdim etməyi planlaşdırır. Bundan başqa, gələn il iyunun əvvəlində tamaşa Finlandiyanın İmatra şəhərində teatr festivalında iştirak edəcək. Həmçinin, 2007-ci ilin yayında teatr bu tamaşa ilə Fransanın Marsel şəhərinə qastrola yola düşmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti