...

Azərbaycanın mədəniyyət və turizm naziri Türksoy Daimi Şurasının XXIII sessiyasında iştirak edir

Cəmiyyət Materials 18 Dekabr 2006 13:10 (UTC +04:00)

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev dekabrın 18-19-da Ankarada keçirilən TÜRKSOY Ümumtürk mədəniyyət və incəsənət birliyinin Mədəniyyət nazirlərinin Daimi Şurasının XXIII sessiyasında iştirak edir. Bu barədə Trend ə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

XXIII sessiya hesabat - seçki toplantısı xarakteri daşıyır. Növbəti çağırışın gündəliyinə 2006-cı il üçün fəaliyyətin yekunlaşdırılması və baş direktorun yenidən seçilməsi daxildir.

Bu vəzifəni 1994-cü ildən Azərbaycanın keçmiş mədəniyyət naziri, hazırda Rusiyadakı səfir, "Avropa -Asiya" Beynəlxalq humanitar akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının xalq artisti Polad Bülbüloğlu tutub.

Növbəti toplantı çərçivəsində Ankarada "TÜRKSOY Evi" qərargahının açılışı olacaq. Qərargahın tikintisi ən qısa müddətdə həyata keçirilib.

TÜRKSOY türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə Birlikdir. 1997 və 2000-ci illərdə Polad Bülbüloğlu yenidən təşkilatın baş direktoru vəzifəsinə seçilib. TÜRKSOY fəaliyyət növünə, məqsəd və vəzifələrinə görə YUNESKO-nun strukturuna yaxındır və türkdilli bölgə çərçivəsində birləşdirici rol oynamaq məqsədi daşıyır. TÜRKSOY təşkilatı sayəsində və Polad Bülbüloğlunun təşəbbüsü ilə ötən illərdə türkdilli ölkələrin ədəbiyyat klassiklərinin çox saylı kitabları, təqvim və jurnallar çap olunub, mədəniyyət və incəsənət abidələrinə həsr olunmuş ensiklopediyalar nəşrə hazırlanır.

TÜRKSOY-un əsası 1992-ci ilin yazında qoyulub. O vaxt İstanbul şəhərində (Türkiyə ) türkdilli ölkələrin mədəniyyət nazirlərinin ilk görüşü keçirilib. "TÜRKSOY-un yaradılması və fəaliyyət prinsipləri haqqında müqavilə" 12 iyul 1993-cü ildə Almata şəhərində (Qazaxıstan)altı təsisçi-ölkə və Təşkilatın daimi üzvləri - Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Türkmənistan, Türkiyə və Özbəkistan Respublikası tərəfindən imzalanıb. Sonradan TÜRKSOY haqqında müqaviləyə müşahidəçi-ölkə qismində Tatarıstan Respublikası, Başqırdıstan Respublikası, Şimali Kipr Türk Respublikası, Tuva Respublikası, Hakasiya Respublikası və Moldova Respublikasının tərkibindəki Qaqauz Yeri ƏMV qoşulub. Hazırda Saxa-Yakutiya Respublikası, Çuvaş Respublikası və Altay Respublikası TÜRKSOY ilə fəal şəkildə əməkdaşlıq edir.

TÜRKSOY-un ali rəhbər orqanı türkdilli ölkələrin Mədəniyyət nazirlərinin Daimi Şurasıdır.

Xəbər lenti

Xəbər lenti