...

Hüquq müdafiəçiləri ilə Apellyasiya Məhkəməsinin rəhbərliyi problemləri müzakirə ediblər

Cəmiyyət Materials 18 Dekabr 2006 17:43 (UTC +04:00)

Dekabrın 18-də hüquq müdafiəçiləri ilə Apellyasiya Məhkəməsinin rəhbərliyi bu məhkəmə sahəsindəki problemləri müzakirə ediblər. Bu barədə Trend ə görüşdə iştirak etmiş hüquq müdafiəçisi Çingiz Qənizadə məlumat verib.

Görüş Apellyasiya Məhkəməsində keçirilib. Görüşdə məhkəmənin sədri İnqilab Nəsirov, həmçinin məhkəmənin hərbi, mülki, cinayət işləri üzrə kollegiyalarının sədrləri iştirak ediblər.

Tərəflər şikayətlərə vaxtında baxılmaması, qərarların vətəndaşlara vaxtında göndərilməməsi, aşağı instansiyalarla bağlı narazılıqlar və s. məsələlərə dair 2 saatlıq müzakirə aparıblar.

"İnqilab Nəsirov bu problemlərin demək olar ki, əksəriyyəti ilə razılaşır. O, hüquq müdafiəçilərinə bu problemlərin yaranma səbəbləri ilə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, vətəndaşların narazılıqları haqlıdır. Lakin bu narazılıqları yaradan bir sıra obyektiv səbəblər mövcuddur" - deyə Ç.Qənizadə bildirib.

Həmin səbəblər Apellyasiya Məhkəməsinin yalnız bir qurumunun fəaliyyət göstərməsi, məhkəməyə daxil olan çoxsaylı işlərə yalnız 36 hakimin baxması və s.-dir. Regionlarda əlavə olaraq apellyasiya məhkəmələrinin yaradılması və hakimlərin sayının artırılması yaxın vaxtlarda bu problemləri aradan qaldıracaq.

Hüquq müdafiəçiləri onları narahat edən şikayətlərlə bağlı bir sıra sənədləri məhkəmə sədrinə təqdim ediblər.

Ç.Qənizadənin fikrincə, bu cür görüşlər məhkəmə sahəsində baş verən narazılıqların aradan qaldırılmasına xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti