...

Ədliyyə nazirinin müavini: "Azadlıqdan məhrum olunmuş qadınların bəziləri ailə zorakılığına məruz qaldıqlarına görə cinayət törədiblər"

Cəmiyyət Materials 21 Dekabr 2006 17:27 (UTC +04:00)

Statistik məlumatlar onu göstərir ki, son beş ildə hər il məhkəmələr tərəfindən məhkum edilən şəxslərin təxminən 10 faizini qadınlar təşkil edir. Trend in məlumatına görə, Milli Məclisdə qadınlara qarşı törədilən zorakılığın qarşısının alınması ilə bağlı keçirilən dinləmələrdə çıxış edən ədliyyə nazirinin müavini Toğrul Musayev belə deyib.

Onun sözlərinə görə, məhkəmə qarşısına çıxarılan qadınların 93 faizindən çoxuna azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar verilib.

Ədliyyə nazirinin müavini bildirib ki, məhkum olunmuş qadınlar hazırda ayrıca cəzaçəkmə müəssəsində saxlanılırlar. "Hazırda həmin cəzaçəkmə müəssəsində 261 nəfər məhkum qadın cəza çəkir. Onlardan 27 nəfəri xarici ölkələrin vətəndaşlarıdır."

T.Musayev qeyd edib ki, həbsxanada cəza çəkən qadınların 23 faizi qəsdən adamöldürməyə, 21 faizi narkotik vasitələrə, 20 faizi isə dələduzluqla bağlı cinayətlərə görə azadlıqdan məhrum olunublar.

"Onu da qeyd edim ki, azadlıqdan məhrum olunmuş qadınların bəziləri ailə zorakılığına məruz qaldıqlarına görə cinayət törədiblər."

Onun sözlərinə görə, məhkum qadınların ictimai-faydalı əməyə cəlb olunması üçün tərbirlər həyata keçirilib. "Onların yarıdan çoxu əməyə cəlb olunublar."

Nazir müavini bildirib ki, məhkum qadınlara eyni cinsdən olan şəxsi heyət tərəfindən nəzarət edilməsi üzrə beynəlxalq standartlara uyğun olaraq qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssəsində işləyən şəxslərin 80 faizindən çoxunu qadınlar təşkil edirlər.

Xəbər lenti

Xəbər lenti