Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Vəkil Adil İsmayılov Vəkillər Kollegiyasının qərarından narazıdır və bu qərardan məhkəməyə müraciət edəcək. Bu barədə Trend ə çərşənbə günü İsmayılov məlumat verib. Bildirib ki, o, heç bir qanun pozuntusuna yol verməyib.
Vəkil həmçinin qeyd edib ki, sabiq nazirin qardaşı Rafiq Əliyevin hüquqlarının müdafiəsi üçün onun ailəsi ilə martın 27-də müqavilə imzalasa da, bu günədək Baş Prokurorluqdan onun vəzifələrinin icrasına başlaması üçün cavab almayıb.
Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldar Əfəndiyev isə Trend ə bildirib ki, İsmayılovun Rafiq Əliyevin müdafiəsinə qoşulması ilə bağlı müraciət daxil olmayıb. Əfəndiyevin sözlərinə görə, Rafiq Əliyevin hüquqlarını Əlimərdan Sadıqov müdafiə edir və hazırda vəkil cinayət işinin materialları ilə tanış olur: "Adil İsmayılov Fərhad Əliyevin hüquqlarını müdafiə edib. Sonradan onun müdafiəsindən də özü imtina edib".
Aprelin 10-da baş prokurorun müavini Rüstəm Usubovun təqdimatı ilə İsmayılov vəkillik sirrini yaydığı üçün Vəkillər Kollegiyasının qərarı ilə cəzalandırılıb və ona töhmət verilib.