...

Azərbaycan Prezidentinin İcra Aparatının İşlər İdarəsinin sabiq müdirinin səhhəti ağırlaşıb

Cəmiyyət Materials 7 May 2007 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Prezidentin İcra Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin səhhəti ağırlaşıb. Bu barədə bazar ertəsi Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov məlumat verib. Behbudov bildirib ki, ötən həftənin şənbə günü Muradverdiyevlə müalicə olunduğu Penitensiar Xidmətin Müalicə Müəssisəsində görüşüb. Komitə sədrinin sözlərinə görə, Muradverdiyev hər dəqiqə ölümlə üzbəüzdür: "Muradverdiyevin beynində quruma gedir, görməsi zəifləyib, 12 barmaq bağırsağında yara var, sərbəst gəzə bilmir". Behbudov bildirib ki, Muradverdiyev saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayət etməyib. Muradverdiyev özünü ona elan olunan ittiham üzrə təqsirli bilmir.

Komitə sədri Muradverdiyevin səhhətindəki problemlərin nəzərə alınaraq əfv olunması üçün prezidentə müraciət edəcəyini bildirib.

Muradverdiyev barəsindəki məhkəmə hökmündən verilən kassasiya şikayəti Ali Məhkəmədə hakim Zeyqəm Hüseynovun icraatındadır. Penitensiar Xidmətin Müalicə Müəssisəsinin məsləhətçi-həkimi Mikayıl Məcidov Trend ə açıqlamasında bildirib ki, Muradverdiyevə beyin qan dövranının xroniki çatışmazlığı diaqnozu qoyulub və müvafiq təyinatlar aparılıb. Muradverdiyev bir müddət öncə Respublika Neyro-Cərrahiyyə Xəstəxanasına nüvə-maqnit rezanans anqioqrafiya aparatından keçirilmək üçün aparılıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Muradverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 28.278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 28. 220 (kütləvi iğtişaşa hazırlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə başlanmış cinayət işinin istintaqı isə davam edir.

Xəbər lenti

Xəbər lenti