...

Gültəkin Hacıyeva: "AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin etməsi mümkün deyil"

Cəmiyyət Materials 22 May 2007 19:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin etməsi real deyil. Bu barədə bazar ertəsi Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini, millət vəkili Gültəkin Hacıyeva məlumat verib.

Onun sözlərinə görə, vaxtilə siyasi məhbuslar üzrə mandat Avropa Şurasının Hüquq məsələləri və insan haqqları komitəsində olub: "Lakin mahiyyət etibarilə problem həll olunduğu, məruzəçinin təyin edilməsinə sövq edən şərait aradan qaldırıldığı və Avropa Şurasının siyahısında olan şəxslər azadlığa buraxıldığı üçün mandat qapanıb. Hazırda Avropa Şurasının Hüquq məsələləri və insan haqları komitəsinin belə bir manadatı yoxdur".

Hacıyeva hesab edir ki, insan hüquqları ilə bağlı narahatlıq doğuran ayrı-ayrı hallar ola bilər və AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin onlara münasibət bildirməsi mümkündür. Onun fikrincə, AŞPA-nın Monitorinq Komitəsi çərçivəsində də ayrı-ayrı halların müzakirə olunması realdır.

"Lakin siyasi məhbus məsələsi aktuallığını itirdiyi üçün bu, yenidən Avropa Şurasının gündəliyinə daxil edilə bilməz", - deyə millət vəkilli qeyd edib.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi, estoniyalı deputat Andres Herkel bildirib ki, Azərbaycanda jurnalistlər həbs olunduğuna və siyasi məhbus problemi həll edilmədiyinə görə, yenidən siyasi məhbuslar üzrə məruzəçi təyin oluna bilər.

Xəbər lenti

Xəbər lenti