Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiyada azərbaycanlılara hüquqi yardım məqsədilə yaradılmış qərargahlar fəliyyətlərini davam etdirir. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Rusiya üzrə şöbə müdiri Şakir Səlimov məlumat verib.
Xatırladaq ki, bu ilin əvvəlində Rusiyada miqrantların hüquqi statusu haqqında yeni qanun qüvvəyə mindikdən sonra daimi qeydiyyatı olmayan miqrantların bu ölkədə ticarətlə məşğul olması qadağan edildi. Rusiyada yaşayan çoxsaylı azərbaycanlıların qeydiyyat problemlərinə kömək məqsədilə Moskvada və ölkənin müxtəlif regionlarında qərargahlar yaradıldı.
Dövlət Komitəsinin nümayəndəsi qeyd edib ki, həmin qərargahlar bağlanmayıb, çünki onlar diapor təşkilatlarının, Azərbaycan cəmiyyətlərinin ofislərində yerləşir: "Hər bir yardım istəyən soydaşımıza hüquqi yardım göstərilir. Rusiyadan azərbaycanlıların deportasiyası faktı isə yoxdur. Bir neçə gün əvvəl Rusiya Dövlət Duması həmin qanuna dəyişikliklər etdi, miqrantların bazarlarda işləmək istəyi nəzərə alınaraq onlar üçün sadələşdirilmiş qaydalar tətbiq edildi. Ona görə də miqrantlar, o cümlədən də azərbaycanlılar artıq bazarlara qayıdırlar"-deyə Slimov qeyd edib.
Onun sözlərinə görə, Rusiya bazarlarında, ticarət müəssisələrində qoyulmuş qadağalarla əlaqədar soydaşlarımızın Azərbaycana axını olmadı və hazırda da yoxdur.