...

İsrail prezidentinin səlahiyyətlərinin icraçısı D.İsiq: "Azərbaycandan köçən şəxslər İsrailin inkişafına mühüm töhfələr veriblər"

Cəmiyyət Materials 29 May 2007 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycandan İsrailə köçən şəxslər bu öləkəyə tam inteqrasiya etmələrinə baxmayaraq, Azərbaycanın tarixini, mədəniyyətini, adət-ənənələrini unutmurlar. Bu fikirləri İsrail Knessetinin (prlamentin) sədri, prezident səlahiyyətlərinin icraçısı Daliya İsiq 28 may bayramı münasibəti ilə bu ölkədə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Qeyd edək ki, İsrail parlamentinin binasında 28 may - Azərbaycanın Respublika Günü münasibətilə bayram tədbiri keçirilib. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (AZİZ) təşkil etdiyi və bu qurumun 300 üzvünün qatıldığı mərasimi İsrail prezidentinin səlahiyyətlərini icra edən İsiq açıb.

O, çıxışında Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirib və Azərbaycandan köçən şəxslərin İsrail cəmiyyətinin inkişafına mühüm töhfələr verdiklərini bildirib: "Təqdirəlayiq haldır ki, Azərbaycandan köçüb artıq 10-15 ildir İsraildə yaşayan insanlar əsl israilli olmalarına baxmayaraq, gəldikləri ölkənin tarixini, mədəniyyətini, adət-ənənələrini unutmurlar. İsrail Knesseti sizin evinizdir, biz həmişə sizləri burada gözləyirik" - deyə parlamentin sədri vurğulayıb.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti, Knessetin üzvü, İsrail-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri İosif Şaqal isə ilk dəfədir ki, İsraildə, parlamentin binasında Azərbaycanın Respublika Gününün qeyd olunduğuna diqqət çəkib: "17 il əvvəl Azərbaycanı tərk edəndə Knessetin deputatı olacağımı və Azərbaycanın Respublika Günü münasibətilə bayram tədbiri təşkil edəcəyimi söyləsəydilər, inanmazdım" - deyən Şaqal İsrailin Azərbaycandakı səfiri Artur Lenk və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla birlikdə ABŞ-a gerçəkləşdirdiyi səfər haqqında da məlumat verib. O, ABŞ-dakı nüfuzlu yəhudi lobbisinin nümayəndələri ilə görüşdüklərini və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etdiklərini deyib.

Tədbirdə "Bizim evimiz -İsrail" Partiyasının nümayəndələri Robert İlatov və Aleks Miller, Türkiyənin İsraildəki səfiri Namiq Tan, Gürcüstanın İsraildəki səfiri Laşa Jvaniya da təbrik sözü söyləyiblər. Mərasimdə iştirak edən Azərbaycan Milli Məclisinin deputatları Lalə Abbasova və Səfər Məmmədov çıxışlarında İsraillə Azərbaycan arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti