...

Milli Teleradio Şurasının sədri: "Rusiya televiziyasının Azərbaycan ərazisində yayımlanmasına dair müqavilə uzun müddətə imzalana bilməz"

Cəmiyyət Materials 30 May 2007 11:55 (UTC +04:00)
Milli Teleradio Şurasının sədri: "Rusiya televiziyasının Azərbaycan ərazisində yayımlanmasına dair müqavilə uzun müddətə imzalana bilməz"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Rusiyanın dövlət televiziyasının Azərbaycan ərazisində yayımlanmasına dair müqavilə iyulun 10-dək imzalanmalıdır. Əks halda, Rusiya televiziyalarının Azərbaycan ərazisində yayımı dayandırılacaq. Bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli məlumat verib.

O qeyd edib ki, Azərbaycan və Rusiya televiziyalarının qarşılıqlı yayımlanmasına dair müqavilə 3-5 illiyə imzalana bilər: "Lakin mən hesab edirəm ki, imzalanacaq müqavilə qısa müddətə nəzərdə tutulmalıdır. Yəni hər il müqaviləyə yenidən baxılmalıdır və onun şərtləri təzələnməlidir".

Məhərrəmli bildirib ki, məsələ ilə bağlı Xarici İşlər, Ədliyyə, İnformasiya Texnologiyaları nazirliklərinin və Teleradio Şurasının ekspertlərindən ibarət İşçi Qrup yaradılıb və onlar məsələnin detallarını araşdıracaqlar. Sonra isə danışıqlar rəhbərlər səviyyəsində davam etdiriləcək: "İşçi Qrup imzalanacaq müqavilənin üzərində işləyir".

Teleradio Şurasının sədri vurğulayıb ki, rəsmi Bakı öz prinsipial mövqeyini ortaya qoyub və dəqiq müəyyənləşdirib ki, hansı əsaslarla Rusiyanın bir televiziya kanalı Azərbaycan ərazisində, bir Azərbaycan televiziyası isə Rusiya ərazisində yayımlana bilər və bunun üçün müqavilə imzalanmalıdır: "Bu qarşılıqlı şəkildə olacaq. Mövqeyimiz belədir ki, əgər Rusiya televiziyası Bakıda yayımlanırsa, Azərbaycan televiziyası da Moskva şəhərində yayımlanmalıdır. Azərbaycan televiziyasının Moskvada yayımlanmasının xərclərini Rusiya tərəfi, Rusiya televiziyasının Bakıda yayımlanmasının bütün xərclərini isə Azərbaycan tərəfi öz öhdəsinə götürəcək".

Sədrin fikrincə, məsələ ilə bağlı müqavilə qısa müddətli və istisna hal kimi imzalanmalıdır. Məhərrəmli hesab edir ki, bu kütləvi hal ala bilməz: "Çünki bu cür praktika dünyada qəbul olunmur. Artıq rəqəmsal sistemə keçməklə insanların xarici televiziyalara çıxış imkanları yetərincə artıb. Həm kabel televiziyaları, həm peyk antenaları, həm də İnternet televiziyaları vasitəsilə. Ona görə də yerüstü vasitələrlə xarici televiziyaların başqa ölkənin ərazisində yayımlanması artıq öz əhəmiyyətini itirib. Qarşı tərəf də bunu başa düşməlidir. Əgər rəsmi Moskva bunda israr edirsə və hesab edirsə ki, bu Rusiya-Azərbaycan münasibətlərinə hər hansı bir təsir göstərə bilər, onda Azərbaycan tərəfi xoş məram nümayiş etdirərək televiziyaların qarşılıqlı şəkildə yayımlanmasına gedir".

Teleradio Şurası sədrinin sözlərinə görə, Rusiya ərazisində Azərbaycanın dövlət televiziyası, Azərbaycan ərazisində isə Rusiyanın dövlət televiziyası olan RTR yayımlanacaq: "Dövlət ancaq dövlətə məxsus televiziyaya görə öhdəlik götürə bilər".

Xəbər lenti

Xəbər lenti