...

Avropa Azərbaycanlıları Konqresinin prezidenti: "AAK Avropadakı azərbaycanlı iş adamlarının birliyinin yaradılması istiqamətində iş aparır"

Cəmiyyət Materials 16 İyul 2007 11:33 (UTC +04:00)
Avropa Azərbaycanlıları Konqresinin prezidenti: "AAK Avropadakı azərbaycanlı iş adamlarının birliyinin yaradılması istiqamətində iş aparır"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı / Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Natiq Ağamirovun Trend İnformasiya Agentliyinə müsahibəsi

- Natiq müəllim, bu yaxınlarda Avropa Azərbaycanlıları Konqresinin İcraiyyə Komitəsinin iclası keçirildi. Sizcə, bu toplantı təşkilatın fəaliyyətində hansı yeniliklərə gətirib çıxaracaq?

- Bu iclasda AAK-ın qarşısında duran bir sıra vacib məsələlər müzakirə olundu. Qeyd edim ki, toplantıda Almaniya, Litva, Bolqarıstan, Macarıstan, Çexiya, Rusiyadakı diaspor təşkilatlarımızın, o cümlədən Benelüks Azərbaycanlıları Konqresinin rəhbərləri iştirak ediblər. Toplantıya Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Mayns şəhər bələdiyyəsinin sədri Yenz Boytel də qatılmışdılar. Toplantıda Avropa Azərbaycanlıları Konqresinin II Qurultayının yekunları və AAK-ın 2007-2009-cu illər üçün nəzərdə tutulmuş Fəaliyyət Proqramının layihəsi də müzakirə olunub. İcraiyyə Komitəsinin üzvləri bütövlükdə bu proqramı bəyəndiklərini bildirdilər. Proqramdan irəli gələn vəzifələrin həyata keçirilməsini əlaqələndirmək İcraiyyə Komitəsinin üzvlərinə və AAK-ın Əlaqələndirici Katibliyinə həvalə edilib. İclasın qərarına uyğun olaraq Katiblik sənədin icrası istiqamətində həyata keçirilmiş bütün tədbirlər barədə İcraiyyə Komitəsinin üzvlərinə mütəmadi məlumat verəcək və hər ilin sonunda Fəaliyyət Proqramının və onun əsasında hazırlanmış Tədbirlər Planının icrası barədə hesabat hazırlayacaq.

İcraiyyə Komitəsinin qərarına əsasən, AAK-ın fəaliyyətinin operativliyini təmin etmək məqsədilə qısa vaxt ərzində Berlin şəhərində Konqresin Əlaqələndirici Katibliyinin ofisinin yaradılması nəzərdə tutulub.

Aparılmış müzakirələr zamanı belə bir təklif də irəli sürüldü ki, Avropa Azərbaycanlıları Konqresinin xüsusi mükafatı təsis edilsin və bu mükafat AAK-ın ən fəal üzvlərinə təqdim olunsun. Təklif müsbət qarşılandı və qəbul olundu. Ümumilikdə toplantı çox yüksək səviyyədə keçdi və təşkilatın gələcək fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Bu toplantı AAK-ın artıq işlək bir qurum olduğunu təsdiqlədi.

- Natiq müəllim, Avropa ölkələrində nə qədər azərbaycanlı yaşayır?

- İlk növbədə onu qeyd etməliyəm ki, Avropa məkanı azərbaycanlıların ən çox məskunlaşdığı regionlardan biridir. Bu barədə dəqiq statistikanı söyləmək bir qədər çətindir. Çünki bu gün miqrasiya prosesləri olduqca dinamik xarakter alıb. Bizdə olan məlumatlara görə, hazırda Almaniyada 100 min nəfərə yaxın azərbaycanlı yaşayır. Böyük Britaniyada 10 min nəfər, Fransada 160 min nəfərdən çox, İsveçdə 20 min nəfər, Niderland Krallığında 20 min nəfərdən çox soydaşımızın yaşadığına dair məlumatlar var. Şərqi Avropa ölkələrində də soydaşlarımız məskunlaşıblar. Məsələn, Ukraynada bu gün azərbaycanlıların sayı 500 min nəfərə yaxındır. Ümumiyyətlə, Avropada MDB ölkələrini nəzərə almasaq, təxminən bir milyon nəfərə yaxın azərbaycanlı yaşayır.

- Avropadakı soydaşlarımız yaşadıqları ölkələrin ictimai, siyasi həyatında nə qədər fəaldırlar?

- Azərbaycanlıların yaşadıqları ölkələrdə ictimai-siyasi fəallığının artırılması diasporumuzun qarşısında duran əsas vəzifələrdən biridir. Doğrudur, bu gün Türkiyə, Ukrayna, Estoniya, Gürcüstan kimi ölkələrin parlamentlərində, bir çox ölkələrdə yerli idarəetmə və qanunvericilik orqanlarında azərbaycanlılar təmsil olunur. Ümumrusiya Azərbaycan Konqresi iqtisadi əməkdaşlığa dair Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyanın tam hüquqlu üzvü olmaqla yanaşı, Azərbaycan Milli Məclisinin və Rusiya Federasiyası Dövlət Dumasının Federal Məclisinin Parlamentlərarası Komissiyasında da təmsil olunur.

Lakin bu sahədə hələ görüləsi işlər çoxdur. Biz çalışmalıyıq ki, Azərbaycan diasporu ictimai-siyasi proseslərə, seçkilərin nəticələrinə təsir etmək imkanlarına malik olsun. Bu sahədə konkret bir strateji plan hazırlanıb həyata keçirilməlidir. Avropa Azərbaycanlıları Konqresi bu məsələni diqqətdə saxlayır və çalşacağıq ki, daha ciddi nəticələr əldə edə bilək.

- Azərbaycan həqiqətlərini Avropada yaymaq, ölkəmizin maraqlarını təbliğ etmək üçün Konqres hansı işlər görür?

- Bildiyiniz kimi, bu il martın 10-da Bakıda Avropa Azərbaycanlıları Konqresinin II Qurultayı keçirildi. Həmin Qurultayın qətnaməsində AAK-ın Fəaliyyət Proqramının hazırlanmasına dair müddəa da öz əksini tapmışdı. Ötən dövrdə bu Proqramın ilkin layihəsi hazırlandı. İyulun 5-də Almaniyanın Mayns şəhərində keçirilən AAK-ın İcraiyyə Komitəsinin iclasında layihə ətraflı müzakirə olunaraq qəbul edildi. Qeyd edim ki, bu sənəddə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinin təkmilləşdirilməsinə dair konkret təkliflər də öz əksini tapıb. Ümumiyyətlə, qeyd etməliyəm ki, AAK-a üzv olan diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bütün gücü ilə işləyir. Bu gün biz Xocalı soyqırımı, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri ilə bağlı məlumatları Avropa ölkələri ictimaiyyətinin diqətinə çatdırmağa çalışırıq və bu, Azərbaycan diasporunun fəaliyyətində prioritet məsələlərdəndir. Lakin hesab edirəm ki, bizim Fəaliyyət Proqramının qəbul olunması bu prosesi daha təkmil və sistemli şəkildə həyata keçirməyə imkan yaradacaq. Həmin fəaliyyət proqramına əsasən, AAK-ın internet saytı yaradılıb və bu günlərdə fəaliyyətə başlayıb. Bundan başqa İcraiyyə Komitəsinin son toplantısında AAK-ın mətbu orqanının yaradılması təklifi də irəli sürüldü. Hazırda bu təklif öyrənilməkdədir.

- Məlumdur ki, beynəlxalq qurumların mərkəzi ofisləri Avropada yerləşir. Avropa Azərbaycanlıları Konqresi dünyanın siyasi mərkəzlərinin diqqətini Azərbaycana cəlb etməyə nail ola bilərmi?

- AAK-ın Fəaliyyət Proqramının layihəsində bu məsələlər də öz əksini tapıb. Fikrimcə, yalnız müasir dünyanın reallıqlarına uyğun təbliğat texnologiyalarından istifadə edə bilsək, əsl həqiqətləri aparıcı Avropa dövlətlərinin siyasi elitasının və nüfuzlu beynəlxalq təşkilatların diqqətinə çatdıra bilərik. Azərbaycan prezidenti İlham Əliyevin bu gün həyata keçirməkdə olduğu uğurlu xarici siyasət strategiyası nəticəsində artıq bir çox beynəlxalq təşkilatlar Azərbaycan haqqında əsl həqiqətləri öyrəniblər, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha aydın təsəvvürləri var. Təsadüfü deyil ki, bu gün Avropa Şurası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını tanıyır. Gələcəkdə digər nüfuzlu beynəlxalq qurumların da bu mövqedən çıxış edəcəyinə ümidlər böyükdür. Hesab edirəm ki, AAK-ın və digər diaspor təşkilatlarının fəaliyyəti bu prosesi bir qədər də sürətləndirə bilər.

- Azərbaycan diasporunun əvvəlcə türk, sonra yəhudi diasporları ilə yaxın əməkdaşlığına dair strategiyalar müəyyənləşdi. AAK türk və yəhudi diasporları ilə, həmçinin digər xalqların icmaları ilə nə kimi birgə tədbirlər görəcək?

- Türk və Azərbaycan diasporları arasında əməkdaşlıq təcrübəsi artıq mövcuddur. Bu il martın 9-da Bakı şəhərində keçirilmiş Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumu bu əməkdaşlığın tarixində yeni bir səhifə açdı. Forumda qəbul olunmuş "Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası" adlanan sənəddə Avropadakı Azərbaycan və türk icmaları arasında əməkdaşlığa dair müddəalar da əks olunub. Biz AAK olaraq bu strategiyanın uğurla həyata keçirilməsi üçün üzərimizə düşən bütün vəzifələri yerinə yetirməyə çalışacağıq.

Azərbaycan icmaları yəhudi diaspor təşkilatları ilə də yaxından əməkdaşlıq edir. AAK bu sahədə də işi təkmilləşdirməyə çalışır. Biz hesab edirik ki, Azərbaycan icmalarının zəif fəaliyyət göstərdiyi, ictimai-siyasi proseslərə təsir imkanlarının məhdud olduğu ölkələrdə yəhudi icmalarının potensialından istifadə etmək mümkündür. Xalqlarımız arasında mövcud olan çoxəsrlik dostluq münasibətləri bizə bu əməkdaşlıq üçün geniş imkanlar açır. Sadəcə bu potensialdan səmərəli istifadə etmək lazımdır. Bu yaxınlarda İsraildə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası təsis olundu. AAK bu Assosiasiya ilə geniş əlaqələr qurmağı planlaşdırır. Bir sözlə, biz bütün sahələrdə öz qüvvələrimizi birləşidrməyi düşünürük.

- AAK Avropa ölkələrində müxtəlif şirkətlərin, iş adamlarının Azərbaycana dəvət olunması, sərmayələr yatırılması kimi iqtisadi yönümlü tədbirlər həyata keçirəcəkmi?

- Əlbəttə. AAK Azərbaycanda gedən sosial-iqtisadi inkişaf proseslərinə dəstək verməyi özünün əsas məqsədlərindən biri hesab edir. Biz diaspor təşkilatlarının imkanlarından və əlaqələrindən istifadə edərək çalışacağıq ki, Avropadakı şirkətləri Azərbaycana sərmayə qoymağa təşviq edə bilək. Bunun üçün həm də güclü təbliğat mexanizmlərinin qurulmasına ehtiyac var. Yeri gəlmişkən qeyd edim ki, AAK Avropadakı azərbaycanlı iş adamlarının birliyinin yaradılması istiqamətində də iş aparır. Biz istəyirik ki, Avropa ölkələrində fəaliyyət göstərən nüfuzlu azərbaycanlı iş adamlarının vahid bir təşkilatını yaradaq.

Xəbər lenti

Xəbər lenti