Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qobustan həbsxanasında cəza çəkən ömürlük azadlıqdan məhrum edilmiş məhkum Əli Quliyev dövlət başçısına müraciət edib. 1989-cu ildə ölüm cəzası alan Əli Quliyev "15 il problemi" ilə bağlı qonşu dövlətlərin təcrübəsinə istinad edib. Bildirib ki, bu problem yalnız Azərbaycanda deyil, başqa ölkələrdə də mövcuddur və artıq həllini tapıb. Məhkum müraciətində qeyd edib ki, Gürcüstan məhkəmələri 1997-ci ildə ölüm hökmü altında olan 57 nəfərin cəzasını dəyişərək 13 ildən 20-dək azadlıqdan məhrumetmə ilə əvəzləyib. Analoji addım Ermənistanda da atılıb. Ermənistan prezidentinin fərmanı ilə 42 nəfərin ölüm cəzası 20 il azadlıqdan məhrumetmə ilə əvəzlənib. Quliyev məlum problemin Azərbaycanda da həll olunmasını prezidentdən xahiş edib. Məhbus "15 il problemi"nin həllinin real olduğunu düşünür. O, misal kimi Ali Məhkəmə Plenimunun 30 mart 2006-cı il tarixli qərarını misal gətirir. Həmin qərarla 1997-ci ildə, hələ qanunvericilikdə ömürlük cəza olmayan zaman cinayət törətmiş və 1999-cu ildə ömürlük cəzaya məhkum olunmuş Samir Hacıyevin cəzası 15 ilə endirilib.
Ali Məhkəmənin sədri Ramiz Rzayev mətbuata açıqlamasında Hacıyevin cəzasının azaldılmasını məhkəmə səhvinin düzəldilməsi kimi qiymətləndirib. Rzayevin sözlərinə görə, ölüm və ya ömürlük azadlıqdan məhrumetmə cəzası verilərkən işə baxan hər üç hakim eyni rəydə olmalıdır. Hacıyevin işi ilə bağlı hökm çıxarılarkən hakimlərdən biri xüsusi rəydə olub. Bu halda şəxsə həmin cəzanın verilməsi mümkün deyil. Ali Məhkəmə də yol verilmiş səhvi aradan qaldırıb. Müraciət həmçinin Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene Van der Lindenə, beynəlxalq və ölkə miqyaslı bəzi hüquq müdafiəçilərinə, mediaya ünvanlanıb.
Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.
İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.