...

Geologiya İnstitutunun professoru: "Azərbaycanda mövcud olan palçıq vulkanlarının mühafizəsi qənaətbəxş deyil"

Cəmiyyət Materials 27 Avqust 2007 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda mövcud olan palçıq vulkanlarının mühafizəsi qənaətbəxş deyil və vulkanların ətrafında tikililər yenə davam edir. Bu barədə bazar ertəsi "Novosti-Azərbaycan" İnformasiya Agentliyində keçirdiyi mətbuat konfransında Azərbaycan Milli Elmləri Akademiyasının (AMEA) Geologiya İnstitutunun professoru, vulkan üzrə mütəxəssis Adil Əliyev məlumat verib. Onun sözlərinə görə, palçıq vulkanlarının tam qorunması üçün onların ətrafı hasarlanmalıdır.

Azərbaycan prezidenti İlham Əliyev avqustun əvvəllərində Azərbaycanda 23 palçıq vulkanına dövlət təbiət qoruğu statusunun verilməsi barədə sərəncam imzalayıb. Azərbaycanda 200-dən artıq palçıq vulkanı var ki, onun da 70 faizi fəaliyyətdə olandır. Vulkanlar əsasən Abşeron yarımadası, Qobustan, Şamaxı rayonlarında və Xəzər dənizində yerləşir.

Əliyev hesab edir ki, vulkanların ətrafında tikililərin olması orada yaşayanlar üçün təhlükəlidir.

"Vulkanlar püskürən zaman 100 metrdən artıq ətrafa yayılır və istisi 100 dərəcədir" - deyə Əliyev bildirib.

Əliyev, həmçinin deyib ki, Azərbaycanda mövcud olan palçıq vulkanları müalicəvi əhəmiyyətlidir. Onlardan ginekoloji, uraloji xəstələrin müalicəsində istifadə etmək olar.

"Palçıq vulkanlarından ekoturizmin inkişafı üçün də istifadə etmək olar. Xarici turistlərin cəlb edilməsi üçün institut Mədəniyyət və Turizm Nazirliyinə 6 istiqamətdə marşrut təklif edib" - deyə Əliyev əlavə edib.

Azərbaycanda mövcud olan palçıq vulkanları dünyanın 28 ölkəsində də mövcuddur.

Xəbər lenti

Xəbər lenti