Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına 50-dən də çox lisenziya qazanmağa iddialıdır. Bu barədə bazar ertəsi Trend-ə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
Azərbaycanın artıq 50 idmançısı Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.
Hüseynzadə qazanılmış lisenziyaların gözlənildiyini və lisenziya sayının 50-dən çox olacağının planlaşdırıldığını deyib.
"Gözlənilməz bir şey yoxdur. Biz işləyirdik, neçə ildir Olimpiya Oyunlarına hazırlıq gedir və bu nəticəni gözləyirdik", - MOK-un vitse-prezidenti deyib.
Onun sözlərinə görə, idmançıların potensialını nəzərə alaraq, minimum 52 lisenziya qazanmaq qarşıya məqsəd qoyulub və daha artıq lisenziya qazanmaq mümkündür.
Hüseynzadə Azərbaycan idmançılarının əldə etdiyi bu uğurun hazırlığın nəticəsi olduğunu deyib.
İdmançıların Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlığı ilə bağlı Hüseynzadə deyib ki, hər idman növü üzrə xüsusi hazırlıq planı var. "Hazırlıqlar xüsusi plan üzrə keçirilir və və plana uyğun da davam edəcək. İdmançıların hazırlıq səviyyəsi bizi qane edir", - o deyib.
Azərbaycan artıq 16 idman növündə Londonda təmsil olunmaq hüquq qazanıb.
Ümumilikdə, Pekin Yay Olimpiya Oyunları ilə müqayisədə London Yay Olimpiya Oyunlarına Azərbaycan idmançıları 5 yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped, idman gimnastikası və qılıncoynatma idman növləri ilə qatılır.