...

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş veloturda 180-nə yaxın idmançı iştirak edəcək

İdman Materials 8 May 2012 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir M.Əliyev/

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş veloturda 180-nə yaxın idmançı iştirak edəcək. Trend-in məlumatına görə, bunu turnirin marşrutunu planlaşdıran, 2007-ci ildə UCİ-nin himayəsi altında keçirilmiş şose üzrə Dünya Çempionatının təşkilatçısı Albrext Roeder bazar ertəsi keçirilən mətbuat konfransında bildirib.

Roeder deyib ki, mayın 9-da start götürəcək yürüşə 180-nə yaxın velosipedçi, 50-yə yaxın onlara kömək edəcək şəxs qatılır, və 100-ə yaxın digər təşkilati işlərlə məşğul olacaq şəxs cəlb olunub.

Onun sözlərinə görə, veloturda 16 qadın idmançı fərdi yarışda iştirak edəcək, kişilər isə 18 komanda şəklində 5 mərhələli yarış həyata keçirəcəklər.

Roeder qeyd edib ki, yarışın lideri göy rəngdə, xal hesabına görə lider isə yaşıl rəngdə köynək geyəcək.

"Veloturun Azərbaycanın turizm potensialının nümayiş olunmasında böyük əhəmiyyəti olacaq", - o deyib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının idman işi üzrə direktoru Teo Mauxer mətbuat konfransında bildirib ki, tura Azərbaycandan 4 idmançı qatılacaq. Onun sözlərinə görə, Azərbaycan velosipedçiləri hələ gəncdirlər və kifayət qədər təcrübələri yoxdur. Eyni zamanda, direktor Azərbaycanın heyətində Tural İsgəndərovu qeyd edib.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCI) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ Kontinental Turudur. Azərbaycanda ilk dəfə keçiriləcək peşəkar velosiped idmanı yarışına hər biri 6 idmançıdan ibarət olan və dünyanın ən müxtəlif ölkələrini təmsil edən komandalar qatılacaq.

Yarış Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Almaniyanın "FreundeEventlogistik" şirkəti ilə birlikdə təşkil olunur.

Xəbər lenti

Xəbər lenti