...

Azərbaycanda uşaqların futbola cəlb olunma yaşı azaldılacaq

İdman Materials 1 Sentyabr 2012 12:20 (UTC +04:00)
Azərbaycanda uşaqların sistematik olaraq futbolla məşğul olma yaşı 8 yaşadək azaldılacaq. Bunu Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov bildirib.
Azərbaycanda uşaqların futbola cəlb olunma yaşı azaldılacaq

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda uşaqların sistematik olaraq futbolla məşğul olma yaşı 8 yaşadək azaldılacaq. Bunu Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov bildirib.

"Azərbaycan futbolunun yaşlı nəslinin nümayəndələrinin çoxu 13-14 yaşından sistemli şəkildə futbol oynamağa başlayıblar. Biz bu göstəricini 8 yaşadək azaltmalıyıq. Uşaq sistematik olaraq həftədə üç dəfə, yaxud hər gün futbolla məşğul olmalıdır, həftəsonu turnirlərdə mübarizə aparmalıdır", - Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün bu göstərici 10-11 yaş təşkil edir.

"Uşaq futbolu 1-2 ilə yaranmır. Bunun üçün 10 illərlə vaxt tələb olunur. Bu gün 10 yaşında futbol oynayan uşağın nəticəsini 20 yaşında görəcəyik. Uşaq futbolunun sağlam təməli qoyulmalıdır ki, gələcəkdə nəticə əldə olunsun", - o deyib.

Baş katib qeyd edib ki, əsas odur ki Azərbaycanda uşaqlar arasında liqalar yaradılıb.

"Bizdə artıq U-11, U-13, U-14, U-16, U-17 liqaları var. Bu liqalarda təxminən 500-dən çox komanda oynayır", - o deyib.

Məmmədov həmçinin qeyd edib ki, Bakıda, Gəncədə, Sumqayıtda məktəbli kuboku təşkil edilir və bu turnir hər il keçiriləcək. "Əvvəllər məktəbli kuboku 1-2 həftə keçirilirdisə, indi artıq il boyu keçirilir - sentyabrın ayının sonu başlayıb mayın sonu bitir. Bu olmasa, Azərbaycanda futbolun inkişafından danışmaq olmaz", - o deyib.

Baş katib vurğulayıb ki, AFFA futbola idman növündən başqa sosial məsuliyyət kimi yanaşır. "İnsanların idmanda olması, uşaqların komanda tərkibində fəaliyyət göstərməsi stimullaşdırılır. Biz dörd ildir ki məktəblərdə futbol dərsi keçirik və bunun müsbət nəticələri görünür. Çünki ötən il 2 min şagird bu məktəbdə olan dərslərə mütəmadi gəlib. Onlardan 150 uşaq klublara cəlb olunub və artıq klubların U-13 liqasında oynayırlar", - Məmmədov deyib.

Bu gün 28 mindən çox futbolçu Azərbaycan liqalarında top qovur.

Xəbər lenti

Xəbər lenti