Azərbaycan, Bakı, 15 oktyabr /Trend/
Futbol üzrə Rusiya komandasının baş məşqçisi Fabio Kapello DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində qarşılacaqları Azərbaycan millisini "hörmətə layiq rəqib" adlandırıb. Bu barədə Trend bazar ertəsi Rusiya KİV-ə istinadən məlumat verir.
"Azərbaycan İsraillə bərabərə qaldı, Portuqaliya ilə səfərdə isə ikinci hissənin ortalarınadək qapısını toxunulmaz saxladı. Üstəlik, Azərbaycan komandası Rusiyaya yaxşı əhval-ruhiyyədə gəlir, çünki onların hazırlıq üçün vaxtları olub. Buna görə matçın taleyini ilk dəqiqələrdəcə həll etməliyik. Rəqibə qarşı aqressiv və qətiyyətli oynamalıyıq", - o deyib.
"Start heyətində cüzi dəyişikliklər olacaq. Əgər Azərbaycan böyük qüvvə ilə müdafiə olunacaqsa, biz irəli atılacağıq, əgər rəqib hücuma keçəcəksə, müdafiədə diqqətli oynayacağıq", - Kapello qeyd edib.
Kapellonun sözlərinə görə, daha çox qol vurmağa çalışacaqlar. "Çünki xallar bərabər olarsa, top fərqi əsas götürüləcək", - italiyalı mütəxəssis vurğulayıb.