...

Premyer Liqada 10 000-ci qol sabaha qaldı (ƏLAVƏ OLUNUB)

İdman Materials 24 Noyabr 2012 17:10 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasının XIV turuna start verilib. "Simurq" 23 xalla birinci pilləyə yüksəlib.
Premyer Liqada 10 000-ci qol sabaha qaldı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının XIV turuna start verilib.

Trend-in məlumatına görə, Gəncənin "Kərəz" klubu doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edib. Matçda hesabı qonaqlar açıb - 10-cu dəqiqədə Branimir Subaşiç penaltidən dəqiq yararlanıb.

Komandaların qarşılıqlı hücumlarına baxmayaraq, oyunda başqa qol qeydə alınmayıb (0:1). Beləliklə, 13 oyundan sonra 19 xal toplayan "Xəzər Lənkəran" 4-cü pilləyə yüksəlib.

"Qarabağ" isə Tofiq Bəhramov adına Respublika stadionunda "Turan"ı qəbul edib. Bu matçda da ilk qol qonaqlardan gəlib - Salif Ballo 70-ci dəqiqədə tovuzluları önə keçirib.

"Qarabağ" matçın əsas vaxtına 5 dəqiqə qalmış cavab qolunu vurub - Vaqif Cavadov fərqlənib. Matç 1:1 hesabı ilə başa çatıb.

Hazırda "Qarabağ" 14 oyundan 21 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Günün son oyunu Zaqatalada keçirilib. Burada yerli "Simurq" paytaxtın "İnter" klubu ilə qarşılaşıb. 53-cü dəqiqədə Zdravko Popoviçin qolu ilə meydan sahibləri önə keçiblər (1:0). Matç elə bu hesabla da başa çatıb.

Bu oyundan sonra "Simurq" 23 xalla birinci pilləyə yüksəlib.

XIV turun digər oyunları isə sabah baş tutacaq.

Qeyd edək ki, Premyer Liqanın XIV turu Azərbaycan futbolu tarixində əlamətdar hadisə ilə səciyyələnə bilər. Belə ki, bu turda 1992-ci ildən bu yana ölkə çempionatları tarixində 10 000-ci qol vurula bilər. Ötən 20 çempionat ərzində 9823 top, cari mövsümün 13 turunda isə 172 top (cəmi 9995) vurulub. Premyer Liqada indiyədək baş tutmuş 69 qarşılaşmada orta məhsuldarlıq 2,49 top olduğundan ölkə çempionatı üçün yubiley - 10 000-ci qolun məhz bu turda vurulacağını təxmin etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti