Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycanda şahmatın inkişafı baxımından vacib olan məqam bu idman növünün geniş yayılmasıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev "SOCAR-Azərbaycan" şahmat klubunun üzvləri ilə görüşdə deyib.
"Qeyd etmək lazımdır ki, 2010-cu ildə yaradılmış "SOCAR-Azərbaycan" klubu Avropa şahmat klubları arasında keçirilmiş çempionatın həmin il bürünc, 2011-ci ildə gümüş, bu il isə qızıl medallarına sahib olub", - Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə şahmat idmanının inkişafı sahəsində böyük iş aparılır, xüsusən ölkə rəhbərliyi tərəfindən bu sahəyə böyük diqqət ayrılır.
Azərbaycanda şahmatın inkişafı çərçivəsində 2013-cü ildə Bakıda şahmat sarayının tikintisi başlayacaq. Həmçinin Azərbaycanda 2015-ci ildə şahmat üzrə Dünya Kuboku və 2016-cı ildə isə Şahmat Olimpiadası keçiriləcək.
Abdullayev şahmatçılarla görüş zamanı bildirib ki, bütün bunlar ölkədə bu idman növünün daha da inkişafı üçün şərait yaradacaq.