...

Azərbaycanlı futbolçular ukraynalı menecerlərin maraq dairəsinə düşüb (FOTO)

İdman Materials 11 Dekabr 2012 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir M.Əliyev/

Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən 90 + Futbol Agentliyinin direktoru Aleksandr Şexovtsov və direktor müavini Maksim Karaqodin Bakıda səfərdə olublar.

Trend-in məlumatına görə, səfər müddətində onlar Azərbaycan Premyer Liqasının oyunlarını izləyib, bəzi futbolçularımızla maraqlanıblar. Bundan başqa, səfər zamanı 90+ Futbol Agentliyi ilə FİFA agenti Günel Rüstəmovanın rəhbəri olduğu Azərbaycanın GR Futbol Agentliyi arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

90 + Futbol Agentliyinin direktoru Aleksandr Şexovtsovun sözlərinə görə, onlar Azərbaycan Premyer Liqasının 16-cı turunun "Qarabağ" - "Kəpəz" oyununu izləyiblər.

O bildirib ki, oyunda "Qarabağ"ın bəzi oyunçularını bəyəniblər. Gələcəkdə həmin futbolçularla danışıq aparacaqlar və Ukrayna Premyer Liqa klublarına təklif edəcəklər.

Şevostsov bildirir ki, onlar əsasən Qara Qarayevlə yanaşı "Qarabağ"dan Əfran İsmayılov və Rauf Əliyevin də oyununu bəyəniblər.

FİFA agenti olan ukraynalı menecerlər bildirirlər ki, yaxın vaxtlarda maraq dairələrinə düşən azərbaycanlı futbolçuların özləri ilə birbaşa danışıqlara başlamaq fikrindədirlər.

"Müqavilə imzaladığımız Azərbaycanın GR Futbol Agentliyinin rəhbəri Günel Rüstəmova bizi burada təmsil edir. Azərbaycanlı futbolçularla da biz onun vasitəsilə danışıq aparırıq".

"Bizim Avropa klubları ilə də əlaqələrimiz var. Söhbət təkcə Ukrayna Premyer Liqasından getmir. Biz istedadı olan gənc azərbaycanlı futbolçuları Avropaya çıxara bilərik" - deyə M.Karaqodin bildirir.

Karaqodinin sözlərinə görə, hazırda Ukraynada bir neçə tanınmış futbolçu Azərbaycanda oynamaq istəyirlər.

"Biz özümüz FİFA agentiyik. Şirkətimiz isə yeni qurulub. Artıq qış fasiləsində Ukrayna və digər ölkələrdə bir neçə transferlərə vasitəçilik edəcəyik".

GR Futbol Agentliyinin direktoru Günel Rüstəmova isə deyir ki, ukraynalı futbol agentləri ilə əməkdaşlıqda əsas məqsədlərdən biri də Azərbaycanın tanınmayan gənc və istedadlı futtbolçularının xarici ölkə klublarına çıxışına nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti