...

Ağır atletlərimiz medaldan "doymurlar"

İdman Materials 26 Sentyabr 2013 23:43 (UTC +04:00)
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan 3-cü İslam Həmrəyliyi Oyunlarında ağır atletlərimizin uğurlu çıxışı davam edir.
Ağır atletlərimiz medaldan "doymurlar"

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan 3-cü İslam Həmrəyliyi Oyunlarında ağır atletlərimizin uğurlu çıxışı davam edir.

Trend Azərbaycan Ağır Atletika Federasiyasına istinadən məlumat verir ki, bu gün körpücük üzərinə iki ağır atletimiz çıxıb. Onlardan 77 kq çəki dərəcəsində çıxış edən Əfqan Bayramov gümüş medala sahib çıxıb. Daha sonra isə Namiq Cəmilov medallar uğrunda mübarizəyə qoşulub. O, 85 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 151 kq, təkanla qaldırmada isə 177 kq-ı ram edib.

Toplamda 328 kq (151 kq + 177 kq) nəticə göstərən N.Cəmilov İslam Oyunlarının bürünc medalına sahib çıxıb.

Bu gün artıq üçüncü idmançımız da medal qazandı. Ə.Bayramov və N.Cəmilovdan sonra İntiqam Zairov da fəxri kürsüdə yer alıb. O, 94 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 165 kq, təkanla qaldırmada isə 200 kq-ı ram edib.

Toplamda 365 kq (165 kq + 200 kq) nəticə göstərən İ.Zairov İslam Oyunlarının gümüş medalına sahib çıxıb.

Estoniyanın Tallin şəhərində isə 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatmaq üzrədir. Bu gün Azərbaycan yığmasının son üzvü - Nailxan Nəbiyev körpücük üzərinə çıxıb. O, 20 yaşa qədər oğlanlar arasında 94 kq çəki dərəcəsində mübarizə aparıb. Nailxan Avropa çempionu adını qazanaraq, milli komandamızın aktivinə 3-cü qızıl medalı yazdırıb.

Nailxan birdən qaldırma hərəkətində birinci yanaşmada 147 kq-ı ram edə bilməyib. Ancaq sonrakı cəhdində bu çəkinin öhdəsindən gələn Nəbiyev, üçüncü yanaşmada 153 kq-lıq ştanqı da başı üzərinə qaldıraraq bu hərəkətdə 2-ci olub.

Təkanla qaldırma hərəkəti daha uğurlu alınıb. Atletimiz əvvəlcə 186, sonra isə 190 kq-ı ram edərək bütün rəqiblərini qabaqlayıb. Üçüncü yanaşmasında 202 kq-ı qaldıra bilməməsi də buna mane olmayıb. Nailxan həm bu hərəkətdə, həm də ümumi sıralamada qızıl medala sahib çıxıb.

Beləliklə, toplamda 343 kq (153 kq + 190 kq) nəticə göstərən N.Nəbiyev Avropa çempionu adını qazanıb.

Xəbər lenti

Xəbər lenti